Avropa Parlamenti Ukraynaya 90 milyard avroluq kreditin ayrılmasını təsdiqləyib.
"Report"un məlumatına görə, bu barədə Avropa Parlamentinin sədri Roberta Metsola sosial şəbəkədə yazıb.
"Mən indicə Avropa Parlamenti adından Ukraynanı dəstəkləmək üçün 90 milyard avroluq kredit imzaladım", - deyə o qeyd edib.
O, belə bir kreditin həyati əhəmiyyətli dövlət xidmətlərinin fəaliyyətini dəstəkləmək, Ukraynanın müdafiə qabiliyyətini və ümumi təhlükəsizliyini, azadlığını qorumaq, həqiqi və davamlı sülhə nail olmaq və Ukraynanın Avropadakı gələcəyini təmin etmək üçün zəruri olduğunu aydınlaşdırıb.
Qeyd etmək lazımdır ki, Aİ Ukraynaya kredit vermək üçün tələb olunan üç əsas sənəddən ikisini təsdiqləyib. Lakin Macarıstan Aİ-nin uzunmüddətli büdcəsində dəyişiklikləri nəzərdə tutan başqa bir sənədi bloklayır.