IMG-LOGO

Aİ Rusiyaya təzyiqi gücləndirəcək, Ukraynaya yardımı davam etdirəcək - Birgə Bəyanat

24 Feb 2026 14:20 2 baxış
IMG

Avropa İttifaqı (Aİ) Ukraynaya və onun xalqına hərtərəfli siyasi, maliyyə, iqtisadi, humanitar, hərbi və diplomatik dəstəyini davam etdirəcək.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının sədri Antonio Koşta, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa Parlamentinin sədri Roberta Metsolanın Rusiya-Ukrayna müharibəsinin başlanmasının dördüncü ildönümü ilə bağlı birgə bəyanatında deyilir.

"Biz Ukraynanın ən böyük donoru olaraq qalırıq. 2022-ci ildən bəri təxminən 200 milyard avro yardımdan əlavə, Avropa liderləri 2026-2027-ci illərdə Ukraynaya 90 milyard avro məbləğində vəsaitin ayrılmasını razılaşdırıblar. Məqsəd təcili büdcə və müdafiə ehtiyaclarının ödənilməsini və Rusiyanın hücumları qarşısında dayanıqlılığı təmin etmək olub. Bu paket çərçivəsində 60 milyard avro hərbi ehtiyaclara ("Porcupine" proqramı) yönəldiləcək. İlk tranş mümkün qədər tez köçürüləcək", - məlumatda deyilir.

Bəyanatda qeyd edilir ki, Avropa İttifaqı Moskvanı danışıqlara cəlb etmək üçün Rusiyaya təzyiqi gücləndirəcək. "Biz Rusiyanın enerji və maliyyə sektoruna təzyiqi gücləndirmək və "kölgə donanması"na qarşı əlavə tədbirlər görmək niyyətindəyik", - bəyanatda vurğulanır.

Bununla yanaşı, müharibədən sonrakı dövrdə Ukraynaya dəstəyin davam etdirilməsi, eləcə də Rusiyanı məsuliyyətə cəlb etmək üçün xüsusi tribunalın yaradılmasına köməklik göstərilməsi niyyəti qeyd edilir.

"Avropa İttifaqı Rusiyanın bir daha heç vaxt Ukraynaya hücum edə bilməməsi üçün öz səlahiyyətləri çərçivəsində etibarlı və inandırıcı təhlükəsizlik zəmanətlərinin formalaşdırılmasına töhfə verməyə hazırdır. Biz Avropa Şurası çərçivəsində Ukraynaya qarşı təcavüz cinayəti üzrə xüsusi tribunalın və Ukrayna üçün Beynəlxalq İddialar Komissiyasının mümkün qədər ən qısa müddətdə yaradılmasına sadiqik", - məlumatda deyilir.

Xəbər lenti