Avstraliya Rusiya ilə əlaqəli 180 fiziki və hüquqi şəxsə, həmçinin "kölgə donanması"nın gəmilərinə qarşı əlavə sanksiyalar tətbiq edib.
"Report" Avstraliya hökumətinin saytına istinadən xəbər verir ki, bu barədə Baş nazir Entoni Albaneze, müdafiə naziri Riçard Marles və xarici işlər naziri Penni Vonqun birgə bəyanatında bildirilib.
Qeyd olunub ki, bu, 2022-ci ilin fevralından - Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Avstraliya tərəfindən qəbul edilən ən böyük sanksiya paketidir.
"Yeni sanksiyalar Rusiyanın maliyyə və bank sektorlarına, müdafiə sənayesinə, aviasiya, neft-qaz sahələrinə, nəqliyyat, həmçinin elm və texnologiyasına qarşı yönəlib. Onlar Rusiyanın gəlirlərini azaltmaq və onun qanunsuz və qəddar işğalı davam etdirmək imkanlarını daha da məhdudlaşdırmaq məqsədi daşıyır", - bəyanatda bildirilib.
Məlumata görə, "kölgə donanması"nın gəmilərinə qarşı sanksiyalar Rusiyanı hərbi iqtisadiyyatdan gələn gəlirlərdən məhrum etmək məqsədi daşıyır. Avstraliya həmçinin ilk dəfə olaraq sanksiyalardan yayınmaq üçün transsərhəd ödənişləri həyata keçirməyə imkan verən kriptovalyuta təşkilatlarını hədəfə alıb.
Bəyanatda həmçinin qeyd olunub ki, müharibə başlayandan bəri Avstraliya Rusiyaya qarşı artıq 1800-dən çox sanksiya tətbiq edib. Bundan əlavə, Avstraliya Rusiya neftinin qiymət tavanını bir barel üçün 47,60 dollardan 44,10 dollara endirib.