IMG-LOGO

Haradan ev almaq olmaz? - "MTK"ların çirkli keçmişi problem yaradır

24 Feb 2026 14:01 2 baxış
IMG
1 0

Bəzən daşınmaz əmlak, xüsusən həyət evi və mənzil alan vətəndaşlar sonradan bir sıra problemlərlə qarşılaşırlar. Ya evin altından kanalizasiya kollektoru keçir, ya mənzilin daxilində problemlər yaranır, ya da ki, keyfiyyətsiz materiallar zamanla qopub tökülür. Hətta 1 mənzilin 3-4 nəfərə satıldığı hallar da yaşanır.

Bəs görəsən, daşınmaz əmlak alanda onun təhlükəsizliyindən necə əmin ola bilərik? Bunun üçün kimə və ya hara müraciət etmək lazımdır? Mənzilin sığortalanması bizi nələrdən qoruya bilər?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Lent.az-a açıqlamasında bildirib ki, həyət evi və ya mənzil alarkən mütəxəssislərlə məsləhət etmək lazımdır:

“Ev, mənzil, eləcə də obyekt almaq taleyüklü məsələdir. İnsan ömründə bir neçə dəfə bir qərar qəbul edir. Ev almaq istəyini qohum, dost-tanışla yox, mütəxəssislərlə məsləhətləşmək lazımdır. Ya qiymətləndirmə, ya rieltor, ya da konsaltinq şirkətləri ilə məsləhət edərək qərar vermək lazımdır. Çünki onlar mənzil-tikinti kooperativlərini, binaların inşasında istifadə olunan materialların keyfiyyətini, MTK-ların çalışma prinsipini, evin yerləşdiyi ərazini, infrastrukturu, xəstəxanaya, uşaq bağçasına, məktəbə, ticarət mərkəzlərinə məsafəsini, yaxınlığından keçən metro, marşrut avtobusu, eləcə də gələcəkdə quraşdırılacaq tramvay kimi alternativlərin həmin ərazidə olub-olmamasını bilirlər. Əlbəttə, bu amillər də qiymətə təsir göstərir. Bu baxımdan mütəxəssislərə müraciət böyük önəm kəsb edir.

Vətəndaşlar fərdi qaydada qərar qəbul edəndə bəzi problemlərlə üzləşirlər: ya MTK-ların keçmiş tarixi "təmiz" olmur, buna görə də ev alan şəxs aldadılır, ya sənədləşmə problemi yaşanır, ya binada aşınma daha sürətlə gedir, yada ki, inşaat materialları keyfiyyətsiz çıxır.

Dünyada tikintinin keyfiyyətini, şüalanma dərəcəsini belə, ölçüb müəyyənləşdirirlər. Bizdə isə kosmetik görüntüyə, viziuallığa əsas verilir. Bu isə çox böyük təhlükələrlə qarşılaşmağa imkan yaradır. Məhz bu səbəblərdən işi mütəxəssislərə həvalə etmək, müqavilə bağlamaq lazımdır. Müqavilədən sonra baş verən hər hansısa hadisə, yaxud keyfiyyətlə bağlı problemlər həmin şirkətdən tələb olunmalıdır, öhdəliklər götürülməlidir. Satış rieltor vasitəsi ilə təkcə qazanc əldə etmək demək deyil. Müqavilədə satışda olan binanın həqiqətən də müasir standartlara və keyfiyyət göstəricilərinə cavab verib-vermədiyini, eləcə də, fasiləli ödənişlərin sonunda hazır olmamış bina təhvil verilib-verilməyəcəyi göstərilməlidir.Bütün bu detalları mütəxəssis özü hesablayıb, öhdəlik götürməlidir. Bunun qarşılığında da həmin şirkətə ödəniş edilməlidir.

Ataların da dediyi kimi “ucuz ətin şorbası olmaz”. Daşınmaz əmlak alanda işin ucuzuna qaçanlar sonradan daha çox xərclərə düçar olurlar. Bu cür ağır və məsuliyyətli qərarı şirkətlərlə danışmaq, müzakirə eləmək lazımdır ki, sonra hansısa düzəlməsi mümkün olmayan problemlə üz-üzə qalmasınlar”.

V.Oruc vurğulayıb ki, ev alanda sonradan problemlərin yaranmaması üçün sürüşmə zonaları istisna olmaqla, digər ərazilərin o qədər də önəmi yoxdur:

Ola bilər ki, mənzil tikilən ərazi əvvəllər gölməçələrdən ibarət olsun, sonradan doldurulsun. Yaxud onun inşasında istifadə olunan tikinti materialları keyfiyyətsiz olsun və ya bünövbərinin qoyulmasında lazımi bərkidilmə işləri aparılmasın, işçi iş müddətində Fövqəladə Hallar Nazirliyi tərəfindən tələb olunan təhlükəsizlik və digər məsələlərə əməl etməsin. Bütün bu amillər tikintidə natamamlıq yaradır. Bu hadisələrdən sığortalanmaq üçün müqavilə ilə işi başqa şirkətə ötürmək olar”.

AQC sədri vurğulayıb ki, Azərbaycanda daşınmaz əmlakın sığortalanması formal xarakter daşıdığı üçün vətəndaşlar buna o qədər də meyil etmirlər:

“Düşünürəm ki, sığorta prosedurlarında və qaydalarında dəyişikliyə ehtiyac var.  Dəyərindən asılı olmayaraq bütün evləri formal sığorta etdirmək məqsədə müvafiq deyil. Dəyəri çox olan ev və yaxud mənzil yüksək qiymətə, dəyəri az olan əmlaklar isə aşağı qiymətə sığortalanmalıdır. Bu halda sığorta şirkəti də ciddi maliyyə əldə edə bilər. Həmçinin sığorta hadisəsi vaxtı ayırmalar da formal yox, real xarakter daşıyar”.

Ev Mənzil tikinti daşınmaz əmlak AQC

Xəbər lenti