Böyük Britaniya hökuməti Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib.
"Report" xəbər verir ki, bəyanat Britaniya hökumətinin saytında dərc olunub.
Siyahıya 240 hüquqi şəxs, 7 nəfər və 50 gəmi daxil edilib.
"Yeni tədbirlər Moskvanın Ukraynaya qarşı hərbi əməliyyatları maliyyələşdirmək və əvvəllər tətbiq edilmiş sanksiyalardan yan keçmək imkanlarını daha da məhdudlaşdırmağa yönəlib", - bəyanatda bildirilib.
Məhdudiyyətlər xarici şirkətlərə, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri və Çindən olan hüquqi şəxslərə də şamil edilib.
Xüsusilə, sanksiyalar 49 təşkilat və fiziki şəxsə; atom enerjisi sahəsində üç mülki şirkətə və xaricdə Rusiya atom elektrik stansiyalarının tikintisi layihələrində iştirak edən iki fiziki şəxsə; Rusiyanın LNG sektoruyla bağlı altı obyektə, o cümlədən gəmilərə, ticarət şirkətlərinə, həmçinin "Portovaya" və "Vısotsk" terminallarına; transsərhəd ödənişlər həyata keçirən doqquz Rusiya bankına tətbiq edilib.
Bundan əlavə, sanksiyalar dünyanın ən böyük neft kəməri şirkətlərindən biri olan və Rusiya neft ixracatının 80 %-dən çoxunun daşınmasını təmin edən "Transneft" ASC-yə qarşı tətbiq edilib.
Məhdudiyyətlərin ayrıca bloku "kölgə" neft ticarəti şəbəkəsinə aiddir. Sanksiyalar "2Rivers" neft şəbəkəsinə daxil olan 175 şirkətə şamil edilib.