Azərbaycanda 2027-ci ilin sonunadək çay hövzəsi əsaslı idarəetmə sisteminin yaradılması nəzərdə tutulur.
"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Strategiya, beynəlxalq əməkdaşlıq və elm şöbəsinin rəisi Riad Axundzadə "Su təhlükəsizliyi Azərbaycanda: Tənzimləmə, risklər və biznesin məsuliyyətli hərəkətləri" mövzusunda keçirilən dəyirmi masada bildirib.
Onun sözlərinə görə, Azərbaycanda çay hövzəsi idarəetməsi digər ölkələrdəki modeldən fərqli olacaq: "Ölkənin böyük hissəsi Kür və Araz çaylarının hövzəsinə daxildir. Lənkəran, Qusar və Qarabağ bölgələrində lokal çaylar mövcuddur və həmin ərazilər əsasən öz daxili resursları hesabına təmin olunur. Lakin ölkənin böyük hissəsi Kür və Araz çaylarından asılıdır və əsas problemlər də məhz bu hövzədə müşahidə edilir".
O bildirib ki, Kür və Araz çayları üzrə əsas problemlərdən biri transsərhəd razılaşmaların olmamasıdır: "Azərbaycan ortaq su ehtiyatlarının birgə istifadəsi ilə bağlı Helsinki Konvensiyasını imzalayıb və ratifikasiya edib. Ermənistan sənədi imzalasa da ratifikasiya etməyib, Türkiyə və Gürcüstan isə nə imzalayıb, nə də ratifikasiya edib. Çay hövzəsi əsaslı idarəetmə bu istiqamətdə atılan ilk addımdır".