IMG-LOGO

Qazaxıstan Xəzərin öyrənilməsi və qorunmasına təxminən 2 milyon dollar ayırıb

24 Feb 2026 10:00 3 baxış
IMG

Qazaxıstan hökuməti Xəzər dənizinin kompleks şəkildə öyrənilməsi və qorunması üçün ehtiyatdan 1,1 milyard təngə (təxminən 2 milyon ABŞ dolları) ayırıb.

"Report" Qazaxıstan hökumətinə istinadən xəbər verir ki, müvafiq qərarı Baş nazir Oljas Bektenov imzalayıb.

Vəsait "Qazaxıstan Xəzər Dənizi Elmi-Tədqiqat İnstitutu" SC-yə yönəldilib.

Qeyd olunub ki, maliyyələşdirmə institutun elmi potensialının yaxşılaşdırılmasına töhfə verəcək. Vəsait dəniz monitorinqinin aparılması üçün avadanlıqların alınması, həmçinin hidrobioloji və hidrokimyəvi laboratoriyaların təchiz edilməsi üçün nəzərdə tutulub. Bu, Elmi-Tədqiqat İnstitutuna bilavasitə dəniz akvatoriyasında kompleks monitorinqə keçməyə, o cümlədən mühitin hidrometeoroloji və bioloji parametrləri üzrə sistemli müşahidələr aparmağa imkan verəcək.

"Elmi-Tədqiqat İnstitutu bu gün səmərəli tədbirlərin işlənib hazırlanması üçün beynəlxalq elmi ictimaiyyətə fəal şəkildə inteqrasiya olunur, Xəzəryanı Ölkələrin Universitetləri və Elmi-Tədqiqat Mərkəzləri Assosiasiyasına daxil olub", - hökumətdən bildirilib.

Bu qərarın icrası üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bütün zəruri tədbirləri görmək, Maliyyə Nazirliyinə isə büdcə vəsaitlərinin təyinatı üzrə istifadəsinə ciddi nəzarəti təmin etmək tapşırılıb.

Xəbər lenti