Fələstin HƏMAS hərəkatı tezliklə Qəzza zolağının tamamilə tərksilah olunması və silahsızlaşması üçün ultimatum alacaq. Əgər onlar imtina etsələr, İsrail Ordusu anklava tam nəzarəti ələ keçirəcək.
"Report"un məlumatına görə, bu barədə İsrailin maliyyə naziri, ifrat sağçı "Dini Sionizm" Partiyasının lideri Bezalel Smotriç bildirib.
Onun sözlərinə görə, bu, bir neçə gün ərzində baş verə bilər. "Güman ki, yaxın günlərdə HƏMAS-a Qəzzanı tərksilah etmək və tamamilə silahsızlaşmaq üçün ultimatum veriləcək", - nazir dövlət televiziyası "Kan"a müsahibəsində bildirib.
Smotriç bu ultimatumu kimin verəcəyini birbaşa açıqlamasa da, Vaşinqtondan bu addımı gözlədiyini bildirib. "Biz HƏMAS-ı məhv etmək məqsədimizdən əl çəkməmişik. Biz ABŞ Prezidenti Donald Trampa bunu öz yolu ilə etmək şansı veririk", - nazir qeyd edib.
Nazir qeyd edib ki, əgər radikallar silahsızlaşmadan imtina etsələr, İsrail Ordusu zolaq üzərində tam nəzarəti bərqərar etməyi və onun silahsızlaşdırılmasını güc yolu ilə həyata keçirməyi planlaşdırır. "Əgər HƏMAS tabe olmasa, İsrailin Müdafiə Ordusu beynəlxalq legitimlik və bunu etmək üçün (radikalların silahsızlaşdırılması - red.) Amerikanın dəstəyini alacaq ", - maliyyə naziri hesab edir.
B.Smotriçin sözlərinə görə, İsrailin siyasi rəhbərliyi artıq bu planları hazırlamaq üçün bir neçə görüş keçirib. "Hazırda iki və ya üç variant var və biz hansının ən uyğun olduğunu araşdırırıq. Bir şey dəqiqdir: HƏMAS silahsızlaşmasa, İsrailin Müdafiə Ordusu Qəzzaya girəcək və onu fəth edəcək", - o deyib.