IMG-LOGO

Slovakiya XİN: Rusiyaya qarşı 20-ci sanksiya paketi tam razılaşdırılmayıb

24 Feb 2026 01:11 2 baxış
IMG

Rusiyaya qarşı 20-ci sanksiyalar paketi ilə bağlı bir sıra həll olunmamış məsələlər mövcuddur. Bunlara dəniz limanlarına sahib ölkələrin, "kölgə donanması" ilə əlaqəsi güman olunan gəmilərə xidmət göstərilməsinin qadağan edilməsindən narazılığı da daxildir.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Slovakiyanın xarici işlər naziri Yuray Blanar Avropa İttifaqı (Aİ) Xarici İşlər Şurasının iclasının yekunlarına dair bildirib.

"Bir sıra ölkələrin bu paketlə bağlı sualları yaranıb. İlk növbədə, bunlar dəniz limanlarına malik olan, kölgə donanmasına və ya mayeləşdirilmiş qaz, neft yaxud digər məhsulların daşınması üçün istifadə olunan gəmilərə hər hansı xidmətin göstərilməsinin qadağan edilməli olduğu ölkələrdir. Buna görə də Kipr sədrliyi bildirib ki, 20-ci paketin müzakirəsi davam edir və onun yekun variantının necə olacağı hələ tam aydın deyil", - o deyib.

Onun sözlərinə görə, Bratislava siyasi qeyd-şərt irəli sürüb ki, ABŞ, Ukrayna və Rusiya arasında təhlükəsizlik və ərazilər də daxil olmaqla bir çox məsələlərin müzakirə edildiyi hazırkı sülh danışıqları fonunda əlavə sanksiyaların qəbul edilməsi onları poza bilər.

Blanar Slovakiyaya neft tədarükü ilə bağlı vəziyyətdən danışarkən, Ukrayna tərəfindən vəziyyətlə bağlı daha aydın izahat almaq istədiyini qeyd edib. "Bizimlə ünsiyyət qurmayan və ("Drujba" neft kəmərindəki) dəymiş ziyanlar barədə bizə müvafiq məlumat verməyən Ukrayna tərəfinin mövqeyini başa düşmürük. Bu məsələ müzakirə olunmağa davam edir. Mən səmimi qəlbdən inanıram ki, Ukrayna bu məsələdə konstruktiv olacaq", - o deyib.

Nazirin sözlərinə görə, Slovakiya Ukraynaya mümkün qədər, ilk növbədə isə mülki əhaliyə kömək edir. Ölkə həmçinin Ukraynanı "Slovnaft" istehsalı olan dizel yanacağı ilə təmin edir, eləcə də fövqəladə hallarda revers istiqamətdə qaz və elektrik enerjisi göndərir. "Slovakiya bunu texniki cəhətdən edə bilən azsaylı ölkələrdən biridir", - nazir qeyd edib.

"İnanmaq istəyirəm ki, Ukrayna tərəfi bu məsələyə məsuliyyətlə yanaşacaq və bizim hər hansı cavab tədbirlərinə əl atmağımıza ehtiyac qalmayacaq", - o bildirib.

Xəbər lenti