Danimarkanın paytaxtı Kopenhagendə Türk Dövlətləri Təşkilatı (TDT) və Ümumdünya Səhiyyə Təşkilatı ÜST/Avropa arasında 2026-2027-ci illər üçün Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun həyata keçirilməsi üçün yeni Fəaliyyət Planı imzalanıb.
"Report"un Türkiyə bürosuna TDT-nin mətbuat xidmətindən verilən məlumata görə, sənədi təşkilatın baş katibi Kubanbiçek Ömüralıyev ilə ÜST-ün Avropa üzrə regional direktoru dr. Hans Henri P.Kluge imzalayıblar.
Tərəflər görüş zamanı TDT ilə ÜST/Avropa arasında gələcəyə yönəlmiş əməkdaşlıq imkanlarını, xüsusilə fövqəladə hallara hazırlıq, rəqəmsallaşma, potensialın gücləndirilməsi proqramları və ekoloji baxımdan dayanıqlı səhiyyə müəssisələri sahələrində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
İki qurum fəaliyyət planı çərçivəsində səhiyyə təhlükəsizliyinin gücləndirilməsi, qeyri-infeksion xəstəliklərlə mübarizə, sağlam qocalmanın təşviqi və iqlim–səhiyyə təşəbbüslərinin inkişafı istiqamətlərində əməkdaşlığı daha da dərinləşdirəcəyini bildirib.
Qeyd olunub ki, planın imzalanması iki qurum arasında formalaşdırılmış strateji çərçivənin davamlılığını təmin edən birgə fəaliyyətlər üçün aydın və konkret əsas yaradır. Bu mühüm addım tərəflər arasında tərəfdaşlığın ilkin planlaşdırma mərhələsindən konkret regional təsir mərhələsinə keçdiyini nümayiş etdirir.