Avropa İttifaqı Xarici İşlər Şurasının iclasında Rusiyaya qarşı 20-ci sanksiya paketi üzrə razılaşma əldə olunmayıb.
"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu, Aİ-nin Rusiya-Ukrayna müharibəsinin ildönümü ərəfəsində vermək istədiyi mesaj deyil:
"Bu uğursuzluqdur və bu gün göndərmək istəmədiyimiz siqnaldır, lakin iş davam edir. Hamı başa düşür ki, diplomatiya müharibədən daha üstündür".
K.Kallas hesab edir ki, Aİ Ukraynaya ittifaq ölkələrinin onu dəstəkləməyə davam edəcəyi və müharibəni dayandırmaq üçün Rusiyaya daha böyük təzyiq göstərəcəyi barədə tutarlı arqumentlər təqdim etməlidir.
O qeyd edib ki, Aİ dəfələrlə belə vəziyyətlə üzləşib və nəticədə həll yolu tapa bilib.
"Ona görə də bu paketi irəlilətmək üçün macar və slovakiyalı həmkarlarımızla müxtəlif səviyyələrdə danışıqlar aparırıq. Əlbəttə, bu, asan deyil. Bu, heç vaxt asan olmur. Lakin iş davam edir. Mən, həqiqətən, çox təəssüflənirəm ki, sabah bu müharibənin başlanmasının ildönümü olduğunu nəzərə alaraq bu gün razılığa gələ bilmədik", - K.Kallas vurğulayıb.
Daha əvvəl Macarıstan və Slovakiya Aİ ölkələrinin Rusiya-Ukrayna müharibəsinin dördüncü ildönümünə qədər təsdiqləməyi planlaşdırdıqları Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin qəbuluna veto qoyublar.