Avropa Parlamenti ABŞ Prezidenti Donald Trampın idxal rüsumlarını 15%-ə qədər artırmasından sonra bu ölkə ilə ticarət sazişi üzrə səsverməni təxirə salmaq qərarına gəlib.
"Report" xəbər verir ki, bu barədə "Reuters"ə Avropa Parlamentindəki iki mənbə məlumat verib.
Qərar ABŞ Ali Məhkəməsinin Donald Trampın daha əvvəl tətbiq etdiyi qlobal tariflərin ləğvindən sonra Birləşmiş Ştatlar liderinin idxal rüsumlarını 15%-ə qədər artırması fonunda qəbul olunub.
Təkliflərin qüvvəyə minməsi üçün həm Avropa Parlamenti, həm də quruma üzv ölkələrin hökumətlərinin təsdiqi tələb olunur. Qeyd olunub ki, Beynəlxalq Ticarət Komitəsində bu saziş üzrə fevralın 24-nə planlaşdırılmış səsvermə daha sonrakı vaxta keçirilib.
Avropa Parlamenti saziş çərçivəsində Avropa İttifaqının ABŞ mallarına tətbiq etdiyi idxal rüsumlarının əksəriyyətinin ləğvi üzrə qanunvericilik təşəbbüslərini nəzərdən keçirib.
Daha əvvəl bu saziş üzərində iş Trampın Qrenlandiyanı almaq barədə tələblərinə və bu planlara qarşı çıxan avropalı müttəfiqlərinə qarşı əlavə rüsumların tətbiqi təhdidlərinə etiraz əlaməti olaraq dondurulmuşdu.