"Milli Birlik" partiyasından (Marin Le Pen rəhbərlik edir) olan deputatlar parlamentdən yan keçməklə üçüncü çoxillik enerji proqramı (PPE3) haqqında qərarın qəbulundan sonra Fransa hökumətinə qarşı etimadsızlıq votumu irəli sürüblər.
"Report" xəbər verir ki, bu barədə Fransa parlamentindən bildirilib.
"Milli Birlik" Fransanın enerji siyasətinin çoxillik planlaşdırılmasını müəyyən edən 12 fevral 2026-cı il tarixli 2026-76 saylı qərara qarşı çıxır. Partiyanın deputatları hesab edirlər ki, sənəd qanunvericiliyi pozur, çünki parlament tərəfindən təsdiqlənməyib, 2024-cü ilin aprelində Senatda təklif olunan müvafiq qanun layihəsi isə 2025-ci ilin oktyabrında parlament tərəfindən rədd edilib", - məlumatda qeyd olunub.
Bundan əlavə, "Milli Birlik" deputatları hökumətin qəbul etdiyi PPE3 proqramını nüvə enerjisinin payının azaldılmasına və dövlət xərclərinin mümkün artımına görə tənqid ediblər. Onların qiymətləndirmələrinə görə, proqramın həyata keçirilməsi ən azı 300 milyard avroya başa gələ bilər.
Etimadsızlıq votumu konstitusiyaya və parlamentin reqlamentinə uyğun olaraq təqdim edilib.