Təxminən 1 ildir ki, İpoteka və Kredit Zəmanət Fondu mikro və kiçik sahibkarlara ayrılan kreditlərə "portfel təminatı mexanizmi"ni işə salıb.
Bəs bu mexanizm özünü nə dərəcədə doğruldub, o, real sektorunun inkişafına rol oynaya bilirmi?
Bununla bağlı "Report"un suallarını Fondun Kredit Zəmanət Departamentinin direktoru Elşən Kərimov cavablandırıb:
- Elşən müəllim, "portfel təminatı mexanizmi"nə maraq varmı? Mexanizmlə bağlı statistik göstəricilər necədir? İndiyə qədər nə qədər sahibkar bu mezanizmdən istifadə edib, hansı məbləğdə kredit alıb? "Portfel təminatı mexanizmi" neçə müvəkkil bankı və iqtisadiyyatın hansı sektorlarını əhatə edib?
- Sahibkarlığın dəstəklənməsi məqsədilə bir çox ölkələrdə müxtəlif mexanizmlər tətbiq olunur. Bu mexanizmlərdən biri kredit zəmanət sistemi hesab olunur. Hazırda bir sıra ölkələrdə bu məqsədlə zəmanət fondları yaradılıb və həmin fondlar uğurla fəaliyyət göstərirlər.
Məsələn, Türkiyə Kredit Zəmanət Fondu (TGF) 1993-cü ildə Türk-Alman Teknik İş Birliyi Anlaşması əsasında yaradılıb, ötən dövrdə isə bir sıra dəyişikliklərlə səlahiyyət və imkanları xeyli genişlənib. Zəmanət-subsidiya mexanizmlərinin tətbiqi üzrə dünyada ən uğurlu təcrübə olan Koreya Kredit Zəmanət Fondu (KODİT) isə 1976-cı ildə yaradılıb, ölkədə kredit təminatlarına görə sahibkarlıq subyektlərinin maliyyələşdirməsinə kömək edən ən əhəmiyyətli alətlərdən biri sayılır. TGF və KODIT qeyri-kommersiya təşkilatlarının əsas məqsədi kredit almaq üzrə təminat problemi olan şirkətlərə zəmanət dəstəyi vermək, kreditlərin sığortalanmasını və infrastruktur təminatını həyat keçirməkdir.
Azərbaycanda da bu istiqamətdə fundamental işlər görülür, qanunvericilik və institusional islahatlar aparılır. Belə ki, son illərdə ölkədə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində biznes-investisiya mühitinin əlverişliliyinin daha da artırılması, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi istiqamətində ciddi nailiyyətlər əldə edilib. Həyata keçirilmiş islahatlar çərçivəsində ölkəmizdə də beynəlxalq təcrübəyə əsaslanaraq kredit zəmanət mexanizmi və həmin mexanizm çərçivəsində dövlət büdcəsi vəsaiti hesabına faiz subsidiyalarının verilməsi kimi maliyyə dəstəyi aləti yaradılıb. Kredit zəmanət mexanizmin formalaşdırılması və inkişaf etdirilməsi Fondun qarşısında qoyulmuş prioritet vəzifələrdən biridir.
Məlumat üçün bildirim ki, Fond ölkə Prezidentinin 25 dekabr 2017-ci il tarixli fərmanı ilə "Azərbaycan İpoteka Fondu" və "Kredit Zəmanət Fondu" ASC-lərin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılıb. Onun əsas məqsədlərindən biri kreditlərə təminat verilməsi mexanizmlərini yeni iqtisadi əsaslarla daha da təkmilləşdirmək və bu sahədə göstərilən xidmətlərin səviyyəsini artırmaq olub.
Ötən dövrdə sahibkarların maliyyə resurslarına çıxış imkanlarının çevik və səmərəli şəkildə təmin edilməsi, sahibkarların öhdəliklərinə təminatın verilməsi sahəsində bir sıra işlər görülüb. Bu dəyişikliklərə əsasən, sahibkarlara dəstək alətlərinin çeşidi artırılıb və qiymətli kağızların emitenti olan sahibkarlara təminatın və müvəkkil banklara "portfel" təminatının verilməsi mexanizmləri yaradılıb. Yeni məhsul çeşidləri hazırlanmamışdan əvvəl ölkədə mövcud sahibkarların profili, kredit təşkilatlarının rəy və təklifləri, kredit zəmanət fondlarında olan təcrübə və zəmanətlər üzrə fokus dairələri, habelə qiymətli kağızlar bazarında mövcud vəziyyət təhlil edilib.
Kredit portfelinin təminatı mexanizmi daha çox mikro və kiçik sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədini daşıyır və müvəkkil banklarla risklərin bölüşdürülməsi aləti kimi çıxış edir. Təhlillər göstərir ki, mikro və kiçik sahibkarlıq subyektlərinin bank tarixçəsinin, o cümlədən kredit tarixçəsinin olmaması onların banklara müraciət edərkən təminatla (girovla) bağlı yüksək tələblərlə rastlaşmasına və nəticədə maliyyə mənbələrinə çıxış imkanlarının məhdudlaşmasına səbəb olur. Hesab edirik ki, bu boşluğun aradan qaldırılması üçün yeni məhsul çeşidimiz olan "portfel təminatı mexanizmi" önəmli rol oynayacaq.
"Portfel təminatı mexanizmi" çərçivəsində kredit portfelinə daxil olan kreditin məbləği 5 000 manatdan az və 50 000 manatdan çox, kreditin illik faiz dərəcəsi 25 %-dən yüksək, kreditin müddəti 3 aydan az və 3 ildən çox, kredit üzrə güzəşt müddəti 12 aydan artıq olmamalıdır. Fondun verdiyi zəmanət isə 75 % həcmində müəyyən edilib.
Ənənəvi kredit zəmanət mexanizmində olduğu kimi "portfel təminatı mexanizmi"ndə də Fondla Çərçivə Müqaviləsi bağlamış 17 müvəkkil bankla əməkdaşlıq edilir. Ötən il bu mexanizm çərçivəsində 360 sahibkarın 5,33 milyon manat məbləğində kreditinə 4 milyon manat həcmində zəmanət verilib. Verilmiş kreditlərin orta məbləği 5-15 min manatdır. Onlar əsasən kənd təsərrüfatı, tikinti sektoru, turizm, ticarət, logistika və xidmət sektoruna yönəldilib.
- İpoteka və Kredit Zəmanət Fondunun həm də ənənəvi kredit zəmanət mexanizmi mövcuddur. Bu mexanizmlə bağlı vəziyyət necədir və sahibkarların marağı əvvəlki kimi yüksək olaraq qalır?
- Məlum olduğu kimi, ənənəvi kredit zəmanət mexanizmi biznes sahəsində sahibkarlıq subyekti üçün maliyyələşdirilməni asanlaşdırır, kredit resurslarından fəal istifadə etməyə imkan yaradır və kredit risklərinin əhəmiyyətli dərəcədə azaldılmasına səbəb olur. Ənənəvi kredit zəmanət mexanizmində Fond ilə kreditorlar arasında risklərin adekvat şəkildə bölüşdürülməsi, təminat yetərsizliyi səbəbindən maliyyələşməsi mümkün olmayan layihələrə vəsaitlərin ayrılması, subsidiya hesabına isə sahibkarınmaliyyə yükünün azaldılması yolu ilə biznesin inkişafına dəstək verilməsi nəzərdə tutulub.
Bu mexanizmin yaradılması və fəaliyyətinin tənzimlənməsi cənab Prezidentin 29 noyabr 2017-ci il tarixli FƏrmanı ilə təsdiq edilmiş "Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası", "İpoteka və Kredit Zəmanət Fondunda kredit reytinqi sisteminin və digər risk menecmenti alətlərinin tətbiqi Qaydası" və "Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi Qaydası" ilə tənzimlənir.
Borcalan zəmanət tələb olunan kredit sifarişi ilə müvəkkil banka Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət sistemi vasitəsilə müraciət edir. Müvəkkil bank borcalanın kredit sifarişinin mövcud qaydalarda göstərilən tələblərə uyğunluğunu yoxlayır, sifariş üzrə maliyyə və kredit təhlili aparır və bunların əsasında qərar qəbul edir. Kreditin verilməsi ilə bağlı müvəkkil bankın qərarı müsbət olduğu təqdirdə zəmanətin alınması ilə bağlı bank Fonda müraciət edir.
Təqdim olunmuş sənədlər və məlumatlar Fondda bir neçə istiqamətdə təhlil edilir və yalnız bundan sonra zəmanətin verilib-verilməməsi ilə bağlı yekun qərar qəbul edilir.
Mövcud qaydalara əsasən kreditin məbləği 30 000 manatdan az olmamalıdır, müddəti 7 ilə qədər ola billər, kredit xəttinin müddəti 12 aydan artıq olmamalıdır, faiz subsidiyası maksimum 3 il müddətində, kreditin illik faiz dərəcəsinin 8 faiz bəndi miqdarında, investisiya təşviqi sənədi almış və ya cari ildə ixrac təşviqi ödənilmiş sahibkara investisiyanın həyata keçirildiyi müvafiq iqtisadi fəaliyyət sahəsi üzrə ayrılan kreditlər üçün illik faiz dərəcəsinin 10 faiz bəndi miqdarında verilir.
Bir borcalana bütün müvəkkil banklar üzrə zəmanət verilən cəmi kreditlərin məbləği 5 milyon manat, bir-biri ilə əlaqədar borcalanlar qrupuna isə 10 milyon manat müəyyən edilib. Bu mexanizm çərçivəsində kreditləşmə dinamikasının artımı onu göstəriri ki, ənənəvi kredit zəmanət mexanizminə sahibkarların, eləcə də müvəkkil bankların marağı getdikcə artmaqdadır.
Belə ki, 2026-cı il yanvarın 1-nə olan məlumata görə, Fondun təqdim etdiyi zəmanət hesabına müvəkkil banklar sahibkarlara 700 milyon manata qədər kredit verib. Təkcə ötən il 147 milyon manat kreditə zəmanət verilib.
Mexanizm çərçivəsində indiyə qədər zəmanət verilmiş kreditlərin orta müddəti 30 ay, sahibkarlıq kreditləri üzrə hesablanmış faizlərin bir hissəsinə subsidiyanın verilməsi hesabına sahibkarların ödəyəcəyi kreditlər üzrə faktiki illik faiz dərəcəsi 6 %, bir sahibkara ayrılan kreditin məbləği isə 30 min manatdan 5 milyon manata qədər təşkil edib.
Fondun zəmanət və faiz subsidiyası hesabına sahibkarlara ayrılan kreditlər vasitəsilə maliyyələşən layihələr üzrə 6 000-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub.
- Fond həm də ötən ildən korporativ istiqrazlara zəmanət verir. Bu zəmanət üçün meyarlar nədir?
- Emitentlərin (sahibkarların) öhdəliklərinə təminat (zəmanət) verilməsi mexanizminin tətbiqinə 2025-ci ildən başlanılıb. Qeyd etmək istərdik ki, istiqrazlara təminat verilməsi mexanizminin məqsədi emitent sahibkarların buraxdığı və manatla ifadə olunan korporativ istiqrazların likvidliyinin və cəlbediciliyinin artırılması və sahibkarlara alternativ mənbələrdən birbaşa maliyyələşməyə çıxışı imkanının yaradılmasıdır.
Hesab edirik ki, korporativ istiqrazlar üzrə onların öhdəliklərinin icrasına Fondun təminat (zəmanət) verməsi sahibkarların sərbəst dövriyyədə olan qiymətli kağızlarının daha likvid olmasını təmin edəcək və bununla da qiymətli kağızların emissiyası yolu ilə alternativ borclanma imkanlarını genişləndiriləcək. Eyni zamanda qeyd etmək istərdik ki, yeni mexanizm sahibkarlıq fəaliyyətinə dəstək aləti funksiyasını yerinə yetirməklə yanaşı, ölkədə korporativ istiqraz bazarının inkişafına və müvafiq bazar iştirakçılarının fəaliyyətinin genişlənməsinə əlavə zəmin yaradır.
Məlumat üçün bildirmək istərdik ki, zəmanət verilən bir emissiya prospekti üzrə istiqrazların məcmu nominal dəyəri 300 000 manatdan az olmamalı, bir emitentin bütün emissiya prospektləri üzrə zəmanət verilən istiqrazlarının məcmu nominal dəyəri ilə həmin emitentin daxil olduğu bir-biri ilə əlaqədar borcalanlar qrupunun Fondun zəmanət mexanizmləri üzrə zəmanət verilən kreditlərinin məbləğinin cəmi 10 000 000 manatdan çox olmamalı, istiqrazlar üzrə tədavül müddəti isə maksimum 7 il nəzərdə tutulub.
2025-ci ildə istiqraz emissiyası üzrə öhdəliklərin təmin edilməsi mexanizmi çərçivəsində, Fond 10 milyon manatlıq istiqraz buraxılışına 6 milyon manat zəmanət təqdim edib.
- Zəmanət mexanizmi təkcə yerli şirkətlər üçün nəzərdə tutulur, yoxsa ondan xarici şirkətlər də faydalana bilər?
- Mövcud qaydaların tələblərinə əsasən, zəmanət qeyri-neft sektorunda fəaliyyət göstərən və ölkə ərazisində sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə müvəkkil banka kredit sifarişi ilə müraciət edən sahibkarın öhdəlikləri üzrə verilir.

