Ailəsi, doğmaları onun igidliyi ilə həmişə fəxr edib.
Bunu "Report"un Qarabağ bürosuna açıqlamasında fevralın 20-də dəfn olunan Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Qurban Göyüşovun qardaşı Elxan Göyüşov deyib.
O, qardaşının döyüş vaxtı pusquya düşərək şəhid olduğunu bildirib:
"Bizim kənd istiqamətində döyüş başlayanda qardaşımla birlikdə pulemyot heyətində olan əsgərlər ermənilərin irəliləməyinə imkan vermirlər. Mən digər istiqamətə dəstək üçün onlardan ayrıldım. Geri dönəndə mənə qardaşımın şəhid olduğunu dedilər. Çətin vəziyyət yaranmışdı. Aşağı hərəkət edərkən atamı gördüm. Dedi ki, körpüdə vurulan "Niva"dan səs eşidərək köməyə gediblər. Elə orada da pusquya düşüblər. Qardaşım gənc olsa da onun igidliyi və qorxmazlığı ilə həmişə fəxr eləmişik".