IMG-LOGO

"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib

20 Feb 2026 13:01 4 baxış
IMG

Azərbaycanın real ümumi daxili məhsul (ÜDM) artımı 2025-ci ildəki 1,4 %-dən 2026-cı ildə 2,5 %-ə qədər sürətlənəcək.

"Report" "Fitch Solutions" beynəlxalq analitik şirkətinin hesabatına istinadən xəbər verir ki, 2026-cı il üçün proqnoz daha əvvəl 2,4 % təşkil edib.

Analitiklər iqtisadi aktivliyin ilk növbədə daxili istehlak və qlobal neft qiymətlərinin tədricən sabitləşməsi hesabına sürətlənəcəyini gözləyirlər.

"Neftin dominant ixrac sektoru olaraq qalmasına baxmayaraq, şaxələndirmə ilə bağlı səylər nəticə verməyə davam edir və xarici qiymət şoklarına qarşı müəyyən dayanıqlığı təmin edir", - hesabatda bildirilib.

2025-ci ilin dekabr ayına olan məlumata görə, Azərbaycanın ÜDM strukturunda neft sektorunun payı 47,4 %, qeyri-neft sektorunun payı isə 52,7 % təşkil edib.

Bununla yanaşı, qeyri-neft ÜDM-nin 8,6 % artmasına baxmayaraq, neft hasilatının 7,3 % azalması fonunda neft sektoru üzrə istehsalın ümumi həcmi illik ifadədə 2,6 % azalıb.

Hesabat müəlliflərinin qiymətləndirmələrinə görə, 2026-cı ilin dinamikası əsasən ev təsərrüfatlarının istehlakı ilə müəyyən ediləcək. Bunu əmək bazarındakı sabit vəziyyət, təxminən 5,2 % təşkil edən aşağı işsizlik səviyyəsi, həmçinin real əməkhaqqının əhəmiyyətli artımı dəstəkləyəcək. Özəl istehlakın 2026-cı ildə ümumi ÜDM artımının təxminən 2,5 faiz bəndini təmin edəcəyi gözlənilir ki, bu da istehlakçı etimadının möhkəmlənəcəyini və 2025-ci illə müqayisədə inflyasiyanın yavaşlamasını əks etdirir.

"Eyni zamanda, məqsədyönlü iqtisadi siyasət tədbirləri və yeni ticarət-investisiya sazişləri, o cümlədən materik Çin, Almaniya, Türkiyə və bir sıra Avropa tərəfdaşları ilə imzalanmış sazişlər sayəsində qeyri-neft sektoru genişlənməyə davam edəcək", - hesabatda qeyd olunub.

Xəbər lenti