Bütün dünya Azərbaycanın əldə etdiyi sülhü qəbul etdiyi bir vaxtda bir qrup ekstremistin Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ə səfəri zamanı törətdikləri hərəkətlər qeyri-əxlaqidir.
Bunu "Report"a açıqlamasında deputat Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, hətta ABŞ Prezidenti Donald Tramp da Ermənistan və Azərbaycan arasında əldə olunmuş sülhü dünyaya ədalətli və hüquqa söykənən sülh modeli kimi təqdim edib:
"Bütün bunların fonunda İlham Əliyevin səfəri zamanı baş verən hadisələr qeyri-əxlaqi və hüquqa ziddir. Çünki sülhü qəbul etməyən yalnız erməni lobbisi və ermənipərəstlərdir. Sülh yaradan bir liderin səfərinə qarşı bu cür addımlar atmaq, onlara xidmət etməkdir".
Deputat hesab edir ki, bu əslində Azərbaycan xalqının mənafeyinə yönəlmiş bir addımdır:
"Çünki Qarabağın işğaldan azad olunması hər bir Azərbaycanlı üçün tarixi hadisədir, fəxarətdir, milli qürurdur. Belə olan halda, Vaşinqtonda erməni şovinistlərinin təhriki ilə bu cür ekstremist addımlar atan bir neçə ünsürün hərəkəti də Azərbaycan xalqının iradəsinə, milli qüruruna qarşı yönəldiyi açıq aydındır".