Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Tbilisidə Cənubi Qafqaz regionunda ilk tam elektrik enerjisi ilə işləyən doldurma stansiyasını istifadəyə verib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, layihə regionun enerji transformasiyası istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Yeni stansiya yalnız elektrikli nəqliyyat vasitələri üçün nəzərdə tutulub və Gürcüstanda ekoloji təmiz nəqliyyatın inkişafına töhfə verməyi hədəfləyir. Layihə SOCAR-ın ESG prioritetləri və korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq həyata keçirilib.
Stansiya 4 şarj qurğusu ilə təchiz olunub və eyni vaxtda altı elektromobilin enerji ilə təmin edilməsinə imkan yaradır. Onlardan ikisi 120 kVt gücündə sürətli şarj cihazıdır və 4 avtomobili təxminən 40 dəqiqəyə tam doldura bilir. Digər iki 22 kVt-lıq şarj qurğusu isə müştərilərin stansiya ərazisində yerləşən mağaza və kafedə vaxt keçirdiyi müddətdə istifadə üçün nəzərdə tutulub.
Məlumata əsasən, obyekt qismən günəş enerjisi ilə işləyir. Bu təşəbbüs SOCAR-ın enerjiyə qənaət edən və ekoloji cəhətdən dayanıqlı həllərin tətbiqi istiqamətində regional lider olmaq ambisiyasını əks etdirir. Hazırda şirkətin Gürcüstanda altı yanacaqdoldurma məntəqəsində günəş panelləri quraşdırılıb və bu infrastrukturun genişləndirilməsi planlaşdırılır.
Statistik proqnozlara görə, Gürcüstanda elektrikli nəqliyyat vasitələrinin sayı 2025-ci ildəki 17 min ədəddən 2030-cu ilə qədər 70-80 minə çata bilər. Bu isə şarj infrastrukturuna tələbatın əhəmiyyətli dərəcədə artacağını göstərir.
Qeyd edək ki, hazırda SOCAR-ın Gürcüstan üzrə 15 yanacaqdoldurma məntəqəsində elektromobillər üçün şarj xidmətləri mövcuddur və şəbəkənin genişləndirilməsi prosesi davam edir. Tbilisidə istifadəyə verilən tam elektrik enerjili stansiya SOCAR-ın dayanıqlı və balanslı enerji gələcəyinin formalaşdırılması istiqamətində həyata keçirdiyi daha geniş transformasiya strategiyasının tərkib hissəsidir.