AFFA Hakimlər Komitəsinin yeni üzvü Asim Xudiyev bilik və təcrübəsinin yararlı olması və Azərbaycanda hakimliyin inkişafı üçün çalışacaq.
Bu barədə o, "Report"a açıqlamasında deyib.
FIFA referisi yeni vəzifəsi barədə bunları bildirib:
"Sağ olsunlar ki, etimad göstərdilər. Azərbaycan futbolunda hakimliyin inkişafının, gələcəyinin yaxşı olması üçün yaxından kömək göstərməyə çalışacağam. Bu istiqamətdə tövsiyələr verməyə və hakimliyi nəzarət altında saxlamağa hazırıq. Hakimlər Komitəsinə üzv olmaq mənim üçün yeni işdir. Çalışacağam bilik və təcrübəm komitəyə yararlı olsun".
O, yeni bonus sistemi barədə də danışıb:
"Qərar yeni qəbu olunub. Yaxın günlərdə incəliklərini biləcəyik. Hər halda, hakimliyin keyfiyyətini artırmaq üçün tətbiq olunan bir sistemdir. İnanırıq ki, faydası olacaq. Çünki başqa ölkələrdə də belə sistem var. Stimul onun üçündür ki, hakimlik daha keyfiyyətli olsun".
Qeyd edək ki, dünən AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. Toplantıda Hakimlər Komitəsinin tərkibinin formalaşdırılması məsələsinə də baxılıb. Qərara əsasən, Asim Xudiyev, Şahin Cəfərov və Elçin Səmədli yekdilliklə komitənin yeni üzvləri təyin olunublar.
Eyni zamanda Misli Premyer Liqası hakimləri üçün nəzərdə tutulan yeni bonus sistemi baş katib Cahangir Fərəcullayev tərəfindən təqdim olunub. Bu sistemin hakimlərin fəaliyyətinin stimullaşdırılmasına və oyunlarda idarəçiliyin keyfiyyətinin artırılmasına xidmət edəcəyi bildirilib. Təklif olunan sistem İcraiyyə Komitəsinin üzvlərinin səsverməsi ilə təsdiq edilib.