IMG-LOGO

Kahramanmaraşlıların Azərbaycan sevgisi: "Türkiyə ilə həmrəyliyiniz bizə güc verir"

06 Feb 2026 17:15 2 baxış
IMG

Türkiyədə Kahramanmaraş vilayətində 50 mindən çox insanın ölümünə səbəb olan dağıntılı zəlzələlərdən üç il ötür. Fəlakətdən qısa müddət sonra Azərbaycanın dəstəyi ilə Kahramanmaraş şəhərində "Azərbaycan məhəlləsi" inşa edilib.

"Report"un yerli bürosunun Kahramanmaraşa ezam olunmuş əməkdaşı dağıntılı zəlzələdən sonra Türkiyə və Azərbaycan hökuməti tərəfindən təyin edilmiş tikinti mütəxəssislərinin əraziyə baxışında iştirak edib.

Əraziyə nəzarətə Azərbaycan tərəfdən Kahramanmaraşda tikinti-bərpa işlərinin icraçı qurumu Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Aparat rəhbəri Fərman Qurbanlı, MİDA-nın inşaat mühəndisi Zafer Türksayar, Türkiyə tərəfdən isə Kütləvi Mənzil İnkişafı İdarəsi (TOKİ) əməkdaşları qatılıb.

Türkiyəli mütəxəssis, memar Hatice Ezgi Demir "Report"a bildirib ki, hər iki tərəfin birgə inşası ilə 452 yaşayış binası, 1291 qeyri-yaşayış (ticarət) obyekti istifadəyə verilib. Evlər əhaliyə püşkatma yolu ilə paylanır. Qeyri-yaşayış obyektləri isə Türkiyənin müvafiq dövlət qurumlarının iştirakı ilə yerli sakinlərə iş yeri açmaq məqsədilə istifadəyə verilir: "Hazırda bölgü davam edir. Zəlzələdən 3 il keçməsinə baxmayaraq, yerli sakinlərimiz tədricən toparlanmağa başlayır. Amma bir Kahramanmaraşlı olaraq əminliklə deyə bilərəm ki, həmyerlilərimiz öz yurdlarına çox bağlı olduqları üçün kütləvi şəkildə qayıdıb dağıntıya məruz qalan evlərinin yerində tikilən mənzillərdə həyatlarını davam etdirmək əzmindədirlər. Sakinlərimizə verilən mənzillər isə 1+1 (2 otaqlı), 2+1 (3 otaqlı) və 3+1 (4 otaqlı) modelindədir".

MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı deyir ki, yüksək keyfiyyətdə inşa olunan mənzillərin zəlzələyə davamlılığı, müasir standartlara uyğunluğu nəzərə alınıb.

MİDA-nın inşaat mühəndisi Zafer Türksayar isə Azərbaycan məhəlləsinin vilayətin ən mərkəzi və böyük rayonu olan Onikişubatda yerləşdiyini vurğulayıb. Ən çox dağıntıya məruz qalan bu ərazidə Türkiyə və azərbaycanlı mütəxəssislərin birgə iştirakı ilə əsaslı tikintilər aparılıb: "Hətta hər bir binanın özülü 15 metr dərinliyə qədər möhkəm baza üzərində qurulub".

Yeri gəlmişkən, "Onikişubat" adı 12 fevral 1920-ci ildə Maraşın Fransa və Ermənistan işğalından azad edildiyi günün şərəfinə şəhərin ən böyük rayonuna verilib. Maraşlılar milli istiqlalı uğrunda işğala qarşı dəyanətlə vuruşduqları üçün isə 1973-cü ildə Türkiyə hökumətinin qərarı ilə vilayətə Kahramanmaraş adı verilib.

Yerli sakin, memar Kevser Özdemirin fikrincə, kahramanmaraşlıların Azərbaycan sevgisinin əsası da məhz bu tarixdən başlayır: "Türkiyənin və Azərbaycanın istiqlalı uğrunda mübarizədə, qarşılıqlı olaraq bir-birimizə dəstək vermişik. Ona görə də Kahramanmaraşda zəlzələdən öncə də Azərbaycan sevgisi olub. Bir zamanlar bələdiyyələrimizin birgə qardaşlığı şərəfinə Onikişubat və Dulkadiroğlu rayonlarının kəsişdiyi bir yer Azərbaycan caddəsinin (prospekt-red.) adını daşıyıb. Zəlzələdən sonra isə biz ən çox doğmalığı azərbaycanlılardan gördüyümüz üçün yerli sakinlərin istəyi ilə bu əraziyə Azərbaycan məhəlləsinin adı verilməsi məsələsi ortaya çıxdı".

Kevser Özdemirin zəlzələ zamanı yaxın qohumları arasında vəfat edənlər var. Vətəndaşların evlə təmin olunması prosesində iştirak etdiyini deyən həmsöhbətimiz üzüntülü xatirələrini də bölüşdü: "Azyaşlı bir uşaq öz evini təhvil almağa gəlmişdi, çünki ailə üzvlərindən kimsə qalmamışdı, ata-ana, ailənin digər uşaqları zəlzələdə vəfat etmişdilər. Böyük təsadüf nəticəsində həyatda qalan azyaşlı uşaq evinin açarlarını almağa əmisi, dayısı ilə gəlmişdi. 100 saat dağıntılar altında qalmış Ayşə adlı bir qadın çox çətinliklə ona verilən mənzilin açarlarını almağa gəlmişdi. Bütün bu hadisələr əlbəttə hər zaman qəlbimizi ağrıdacaq izlər buraxıb. Amma yaxşılıqlar yaralarımızı sağaldır. O cümlədən də Türkiyə ilə Azərbaycanın dünyada nadir rast gəlinən həmrəyliyi bütün dünyaya nümunə olacaq bir doğmalıqdır və bu bizə güc verir".

Digər inşaat mühəndisi Mine Arık da Kahramanmaraşın Pazarcık bölgəsindəndir. Ən çox dağıntıya məruz qalan rayonlardan biri olan Pazarçıkda baş verən zəlzələ zamanı o da yaxınlarını, doğmalarını itirib: "O zaman mən Malatyada mühəndis olaraq işləyirdim. Sonra gördüm ki, məmləkətimin - Kahramanmaraşın inşaat, bərpa işlərinə daha çox ehtiyacı var. Ona görə də buraya gəldim".

Azərbaycan tərəfin dəstəyinə görə təşəkkürünü bildirən Mine Arık ən çox da ərazidəki məktəbin yenidən inşa olunmasında, qısa müddətdə təhsilin bərpa olunmasından məmnunluğunu ifadə edib: "Elə ona görə də məktəbə Heydər Əliyevin adı verildi".

Məktəbin nəzdində həm də Maraşda məşhur Gümüşer ailənin tikdirdiyi Ayşe Gümüşerin adını daşıyan uşaq bağçası, Habibe Gümüşer adına ibtidai məktəbi də fəaliyyət göstərir. MİDA-nın əsaslı şəkildə inşa etdiyi yeni məktəbdə bu məktəblər də yer alıb.

Yerli sakinlər onu da bildirdilər ki, həmin məktəblər üçün başqa ərazidə tikinti işlərinə başlanıb. Amma Heydər Əliyev adına məktəb təkcə bu uşaq bağçası və ibtidai sinif şagirdlərinə yer verməyib, həm də ərazidə məskunlaşan suriyalı uşaqları da təhsilə cəlb edir. Amma suriyalı uşaqlar üçün də yeni məktəbin inşa ediləcəyini öyrəndik.

Heydər Əliyev adına məktəbin şagirdi Hale Bereket böyüyəndə müəllim olmaq istədiyini deyir: "Uşaqlara sevməyi öyrədəcəm - ananı, atanı, vətəni, quşu, çiçəyi..." Halə bir arzusunu da belə ifadə etdi: "Sinif yoldaşlarımızla biz Azərbaycana getmək istəyirik. Çünki məktəbimizdə Azərbaycan klubu var. Dostlarımızı, Azərbaycan haqqında öyrəndiklərimizi canlı şəkildə görməyi, dostlarımızın da bizim məktəbə gəlmələrini arzulayırıq". Halənin arzusuna biz də qoşuluruq. Çünki Bakının 6 saylı orta məktəbinin ibtidai sinif şagirdləri ilə dostluq əlaqələri quran şagirdlər üçün qarşılıqlı olaraq ziyarətlərin təşkil edilməsi gələcəkdə münasibətlərin daha da doğmalaşmasına zəmin yarada bilər.

Xəbər lenti