Gənclər Fondu Azərbaycan Gəncləri Gününə həsr olunmuş "GəncVizyon" ideyatonu həyata keçirib.
"Report" xəbər verir ki, ideyatonun fevralın 4-də baş tutan ilk günündə 240 gənc 40 komanda şəklində iştirak edib.
Daha sonra mentorların dəyərləndirməsi nəticəsində hər istiqamət üzrə iki komanda olmaqla, ümumilikdə 10 komanda final mərhələsində iştirak hüququ qazanıb.
Dəyərləndirmə zamanı ideyaların innovativliyi, sosial təsiri, reallığa uyğunluğu və strateji yanaşması əsas meyarlar kimi nəzərə alınıb.
İdeyatonun fevralın 6-da baş tutan final mərhələsində isə komandalar ideyalarını təkmilləşdirərək münsiflər heyətinə təqdim ediblər. Münsiflər heyətinin qərarına əsasən, üç komanda qalib elan olunub.
İdeyatonun əsas məqsədi gənclərin yaradıcı və innovativ potensialını üzə çıxarmaq, onları real problemlərə praktiki və dayanıqlı həllər təklif etməyə təşviq etmək, komanda işi, liderlik, təqdimat və ünsiyyət bacarıqlarını gücləndirmək olub.
Final mərhələsinin bağlanış mərasimində Azərbaycan Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov, "Nar"ın Korporativ Ünsiyyət və PR Departamentinin Direktoru Hökümə Kərimova iştirak edib.
Çıxışçılar ideyatonun əhəmiyyətindən, gənclərin strateji düşüncə və gələcəyə yönəlik baxışlarının formalaşdırılmasında bu cür təşəbbüslərin rolundan, yaradılan imkanlar və perspektivlərdən bəhs ediblər.
İdeyatonun yekununda qalib komandalar mükafatlandırılıb.
Qeyd edək ki, "GəncVizyon" ideyatonu Gənclər Fondu, Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, "Böyük Qayıdış" Gənclər Təşkilatı, "CAVAN" Gənclər Hərəkatı, "Gənclərin Maarifləndirilməsinə Dəstək" İctimai Birliyi və "Gənc Könüllülər" İctimai Birliyinin birgə təşkilatçılığı və "Nar"ın tərəfdaşlığı ilə həyata keçirilib.
Bununla yanaşı, Gənclər Fondu tərəfindən Azərbaycan Gəncləri Gününə həsr olunmuş "GəncLand" Gənclər Festivalı, "Gəncİntellekt" ölkənin ən böyük fərdi intellektual yarışı və "GəncTalks" Motivasiya Platforması adlı genişmiqyaslı tədbirlər də baş tutub.














