Adi saç feni radiatorların təmizlənməsi üçün effektiv vasitə ola bilər. Mütəxəssislərin sözlərinə görə, bu üsul otağın isinməsini iki dəfə sürətləndirə və elektrik enerjisinə qənaət etməyə kömək edə bilər. Qışın sonuna yaxın radiatorların səmərəliliyi azalır, çünki cihazın daxilində toz və xırda liflər toplanaraq isti havanın hərəkətinə mane olur.
Lent.az xəbər verir ki, bu üsul peşəkar təmizlikçilərin Facebook qrupunda paylaşıldıqdan sonra geniş yayılıb və bir çox istifadəçi onun effektivliyini təsdiqləyib.
Aylarla işləyən radiatorlar havadakı xırda toz və lifləri özünə çəkir, nəticədə içəridə istiliyin yayılmasını əngəlləyən qat əmələ gəlir.
Tozsoran radiatorun çətin keçilən hissələrinə çata bilmədiyi, cihazı sökmək isə çətin olduğundan fen güclü hava axını ilə çirki kənara çıxarmaq üçün ideal alət hesab olunur. Prosedur sadədir və xüsusi hazırlıq tələb etmir.
Əvvəlcə isitmə sistemi söndürülməli və radiator tam soyumalıdır. Radiatorun altına nəm dəsmal sərilməlidir ki, aşağı düşən toz orada toplansın. Fen aşağı temperaturda və ya soyuq hava rejimində işlədilməlidir ki, boyaya və plastik hissələrə zərər dəyməsin.
Fenin ucu radiatorun yuxarı hissəsindəki deşiklərə yönəldilərək cihaz boyunca yavaş-yavaş hərəkət etdirilməlidir. Toz tökülməsi dayandıqdan sonra ətrafda qalan çirklər tozsoranla təmizlənə bilər.
Mütəxəssislər qeyd edirlər ki, bu sadə üsul evdə istilik komfortunu artırmaqla yanaşı, isitmə sisteminin qeyri-səmərəli işləməsi səbəbindən yaranan əlavə xərclərin də qarşısını alır.
radiator