Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 2,5 milyon ABŞ dolları dəyərində 823,4 ton avokado (təzə və ya qurudulmuş) idxal edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 24 %, kəmiyyət olaraq – 11 % çoxdur.
Hesabat dövründə Azərbaycan Perudan 1,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4 % çox) 306 ton (-1 %), Cənubi Afrikadan 276,5 min ABŞ dolları dəyərində (+27 %) 91 ton (+26 %), Birləşmiş Tanzaniyadan 259 min ABŞ dolları dəyərində (+65 dəfə) 83 ton (+109 dəfə), Türkiyədən 249,5 min ABŞ dolları dəyərində (-45 %) 166 ton (-44 %), Keniyadan 171 min ABŞ dolları dəyərində (+5,5 dəfə) 44,9 ton (+4,6 dəfə) məhsul alıb.
Azərbaycan 1 il 10 aylıq fasilənin ardından İspaniyadan tədarükü (5,7 min ABŞ dolları dəyərində 1,9 ton) bərpa edib.
2024-cü ildə Azərbaycana idxal edilmiş 832 ton avokadonun 45 %-i Türkiyənin, 38 %-i Perunun payına düşüb.