Yaşıl çay uzun illərdir sağlamlıq üçün ən faydalı içkilərdən biri hesab olunur. Mütəxəssislər bildirirlər ki, bu içkinin orqanizmə verdiyi faydanı cəmi iki ədviyyat əlavə etməklə daha da gücləndirmək mümkündür.
Lent.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Yaşıl çay niyə faydalıdır?Yaşıl çay şəkər və süd əlavə edilmədən içildikdə maksimum fayda verir. Minimal emal və fermentasiyanın olmaması onun tərkibindəki təbii aktiv maddələrin və dadın qorunmasına imkan yaradır. İçkinin tərkibində A, C, E və B qrup vitaminləri, amin turşuları, polifenollar, həmçinin kalium, flüor və sink kimi mikroelementlər mövcuddur.
Ən faydalı hesab olunan yarpaq şəklində olan yaşıl çaydır. Çünki o, paketlənmiş çaylarla müqayisədə daha yüksək miqdarda faydalı maddələr ehtiva edir.
Yaşıl çayın əsas sağlamlaşdırıcı təsiri güclü antioksidant olan polifenollarla bağlıdır. Bu maddələr orqanizmin qocalmasını sürətləndirən və müxtəlif xəstəliklərin yaranmasına səbəb olan sərbəst radikalları zərərsizləşdirməyə kömək edir.
Gündə iki-üç fincan yaşıl çayın müntəzəm istifadəsi yüksək təzyiq, insult və ürək-damar xəstəlikləri riskini azalda bilər. Flavonollar damarların vəziyyətini yaxşılaşdırır, toksinlərin xaric olunmasına kömək edir, qanda şəkərin səviyyəsini stabilləşdirir və yağ toxumasının yığılma ehtimalını azalda bilər.
Təsiri artırmaq üçün nə əlavə etmək lazımdır?Mütəxəssislər yaşıl çayı zərdəçal və qara istiotla birlikdə içməyi tövsiyə edirlər.
Zərdəçalın tərkibində olan kurkumin güclü iltihabəleyhinə və antioksidant təsirə malikdir. O, immun sistemini dəstəkləyir, həzm prosesini yaxşılaşdırır, qlükoza səviyyəsinə nəzarət etməyə kömək edir və dərinin vəziyyətinə müsbət təsir göstərir.
Lakin kurkumin təkbaşına orqanizm tərəfindən zəif mənimsənilir. Bu səbəbdən onu qara istiotla birlikdə qəbul etmək məsləhət görülür. Qara istiotun tərkibindəki piperin kurkuminin bioəlçatanlığını əhəmiyyətli dərəcədə artırır.
Bundan əlavə, qara istiot maddələr mübadiləsini sürətləndirə, qida maddələrinin mənimsənilməsini yaxşılaşdıra və diqqət toplama qabiliyyətini artıra bilər.
İçki necə hazırlanır?Maksimum fayda əldə etmək üçün yaşıl çayı dəmləyib içinə az miqdarda üyüdülmüş zərdəçal, bir çimdik qara istiot, bir çay qaşığı bal və yarım limonun suyunu əlavə etmək kifayətdir. Bu içkini gündə bir dəfə, əsasən səhər saatlarında içmək tövsiyə olunur. O, orqanizmi yüngül şəkildə canlandırır, tonusu artırır və ümumi sağlamlığı dəstəkləyir.
Ədviyyatlı yaşıl çay gündəlik rasionu daha faydalı etməyin sadə və ucuz yoludur. Bəzən vərdişlərdə edilən kiçik dəyişikliklər belə ümumi hal-əhvalın xeyli yaxşılaşmasına səbəb ola bilər.
Yaşıl çay