Ötən il turizm məqsədilə Azərbaycana səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə yerləşmə vasitələrində keçirdiyi gecələmələrin sayı 8 milyon 546 min 430 nəfər təşkil edib.
"Report"un əldə etdiyi məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 1 % çoxdur.
Ötən il mehmanxana və mehmanxana tipli obyektlərdə 2 milyon 683 min 809 nəfər gecələyib ki, bu da illik müqayisədə 1,2 % artım deməkdir.
Kirayə götürülmüş mənzillərdə gecələyənlərin sayı 1 milyon 393 min 735 nəfər olub. Bu istiqamətdə ən yüksək dinamika qeydə alınıb və göstərici 62,1 % artıb.
Bununla yanaşı, qohum və ya dost evlərində gecələyənlərin sayı 1 milyon 598 min 96 nəfər təşkil edib ki, bu isə əvvəlki illə müqayisədə 11,6 % azdır.
Özünə və ya ailə üzvlərinə məxsus mənzillərdə gecələyənlərin sayı 8,5 % azalaraq 2 milyon 870 min 790 nəfər olub.
Turistlər gecələmək üçün əsasən Bakıya üstünlük verib. Belə ki, paytaxtda 4 milyon 953 min 318 nəfər turist gecələyib (+3 %).
Gecələmə sayına görə ikinci yerdə 504 min 560 nəfərlə Qusar rayonu qərarlaşıb və burada artım 16,4 % təşkil edib. Üçüncü yerdə isə 388 min 511 nəfərlə Quba rayonu yer alıb, lakin bu rayonda göstərici 8,9 % azalıb.
Qarabağ iqtisadi rayonuna daxil olan ərazilərdə ötən il 84 min 553 nəfər (-10 %) gecələyib. Şərqi Zəngəzur iqtisadi rayonunda gecələmə yalnız Laçında qeydə alınıb və bu göstərici cəmi 85 nəfər təşkil edib. Əvvəlki ildə isə bu ərazidə turist gecələməsi qeydə alınmayıb.
2025-ci ildə Azərbaycana ümumilikdə 189 ölkədən 2 milyon 570,2 min nəfər və yaxud 2024-cü illə müqayisədə 2,1 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bunun 1 milyon 804 min 754 nəfəri ölkəyə turizm məqsədi ilə gəlib (-2,7%).
Gələnlərin 23,9 %-i Rusiya, 17,7 %-i Türkiyə, 8,1 %-i İran, 6,5 %-i Hindistan, 4,3 %-i Gürcüstan, 4,1 %-i Səudiyyə Ərəbistanı, 4 %-i Qazaxıstan, 3,5 %-i Pakistan, 2,7 %-i İsrail, 2,5 %-i Çin, 2,4 %-i Özbəkistan, 1,7 %-i Birləşmiş Ərəb Əmirlikləri, 1,4 %-i Ukrayna, 1,3 %-i Türkmənistan, hər biri 1 % olmaqla Belarus, Böyük Britaniya və Küveyt, 12,9 %-i digər ölkələrin vətəndaşları olub, 67 %-ini kişilər, 33 %-ini qadınlar təşkil edib.