Avropa İttifaqı (Aİ) Rusiyanın bank sektorunu, kriptovalyuta platformalarını, enerji infrastrukturunu və qondarma "kölgə donanması"nı hədəf alaraq ona qarşı sanksiya təzyiqini gücləndirmək niyyətindədir.
"Report"un Avropa bürosu xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen videomüraciət formatında yeni 22-ci sanksiya paketini təqdim edərkən bildirib.
"Biz Rusiya Ukraynada davamlı sülhə nail olmaq üçün həqiqi niyyət nümayiş etdirənə qədər yeni sanksiyalar təklif etməyə davam edəcəyik", - o deyib.
Onun sözlərinə görə, yeni paket üç istiqamət üzrə təzyiqin gücləndirilməsini nəzərdə tutur: Rusiyanın hərbi əməliyyatının maliyyələşmə mənbələrinin məhdudlaşdırılması, Rusiyanın daha da təcrid olunması və sanksiya rejiminə riayət olunmasına nəzarətin sərtləşdirilməsi.
Maliyyə sektorunda Avropa Komissiyası əməliyyatların aparılmasına qoyulan qadağanı daha təxminən 60 Rusiya bankına şamil etməyi təklif edir və onlar beynəlxalq SWIFT sistemindən ayrılacaq. Məhdudiyyətlər Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi, o cümlədən üçüncü ölkələr vasitəsilə həyata keçirilən kriptovalyuta və ödəniş şəbəkələrinə də təsir edəcək.
Energetika sektorunda Aİ Rusiyanın enerji infrastrukturunun, xüsusən də neft emalı zavodlarının tikintisi, istismarı və təmiri ilə bağlı xidmətlərin göstərilməsinə qoyulan qadağanı genişləndirmək niyyətindədir. Bu cür məhdudiyyətlər ilk dəfə olaraq elektrik enerjisi sahəsindəki xidmətlərə də şamil ediləcək.
Bundan əlavə, Avropa Komissiyası Rusiyanın "kölgə donanması"nın daha 70-dən çox gəmisini sanksiya siyahısına daxil etməyi və Rusiyada sığortalanmış tankerlərə xidmət göstərilməsini qadağan etməyi təklif edir.
Aİ Rusiyanın Avropada keçirilən idman və mədəniyyət tədbirlərində iştirak imkanlarını məhdudlaşdırmaq, həmçinin viza qaydalarını sərtləşdirmək niyyətindədir. Xüsusilə, Avropa Komissiyası döyüş əməliyyatlarında iştirak etmiş keçmiş Rusiya hərbçilərinə vizaların verilməsinə qadağa tətbiq etməyi təklif edir.
Fon der Lyayen bu təşəbbüsü qeyri-ənənəvi metodlar və güc vasitələrinin tətbiqi ilə həyata keçirilən fəaliyyətlər də daxil olmaqla, Rusiya agentlərinin Avropadakı fəallığının artması ilə izah edib. Onun sözlərinə görə, keçmiş rusiyalı döyüşçülərin Aİ-yə girişinə qoyulan məhdudiyyətlər İttifaqın yaranan təhlükəsizlik təhdidlərinə cavab tədbirlərinin bir hissəsidir.
Yeni paket çərçivəsində həmçinin Aİ ölkələrinin vətəndaşlarına Rusiya şirkətlərinin rəhbər orqanlarında vəzifə tutmağı qadağan etmək təklif olunur.
İdman və mədəniyyət sahəsində Aİ Rusiya komandalarının və idmançılarının İttifaq ərazisindəki yarışlarda milli bayraq altında iştirakını, eləcə də rəsmi dövlət rəmzlərindən istifadəni qadağan etməyi nəzərdə tutur. Bundan əlavə, Rusiya sponsorlarından Avropanın idman və mədəniyyət təşkilatlarına yönələn maliyyə axınlarının məhdudlaşdırılması və Rusiya vətəndaşlarına Avropa idman federasiyalarında rəhbər vəzifələr tutmağın qadağan edilməsi planlaşdırılır.
"Mövqeyimiz aydındır: biz Ukraynaya sülhə nail olmaq üçün güc veririk və Rusiyaya bu yolu seçmək üçün bütün əsasları təqdim edirik", - Avropa Komissiyasının rəhbəri qeyd edib.
Mənbə: report.az