Fransanın PSJ klubu qış "transfer pəncərəsi"ndə İspaniya təmsilçisi "Atletiko"nun hücumçusu Xulian Alvaresi heyətinə qatmağı düşünür.
"Report" "The Touchline"a istinadən xəbər verir ki, Paris təmsilçisi Xviça Kvaratsxeliyanın və Dezire Duenin zədələnməsindən sonra 26 yaşlı argentinalını almağı planlaşdırır.
Alvareslə şəxsi müqavilə şərtlərinin razılaşdırılmasında çətinlik yaranmayacağı gözlənilir. Əsas maneə isə Madrid klubu ilə keçid barədə ortaq məxrəcə gəlməkdir.
Noyabrın 21-də Due "Nitsa" ilə matçda (3:2) sağ dizindən zədələndiyi üçün əməliyyat olunacaq. Oktyabrda isə Kvaratsxeliya UEFA Çempionlar Liqasında "Barselona"ya qarşı görüşdə (4:2) analoji xəsarət alıb. Gürcüstanlı oyunçunun da artıq əməliyyat olunduğu bildirilib.
Qeyd edək ki, X.Alvares 2024-cü ildən "Atletiko"nun şərəfini qoruyur. O, cari mövsümdə meydana çıxdığı 13 qarşılaşmada 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı cənubi amerikalı forvardın dəyərini 110 milyon avro qiymətləndirir.
Mənbə: report.az