ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper və bir qrup Amerika hərbi məsləhətçisi krallığın hava hücumundan müdafiə sistemini qiymətləndirmək və gücləndirmək üçün bu həftə Səudiyyə Ərəbistanına səfər edəcəklər.
"Report" xəbər verir ki, bu barədə Qərb rəsmilərinə istinadən "Middle East Eye" (MEE) məlumat yayıb.
Nəşrin məlumatına görə, Kuperlə birlikdə ölkəyə 30-a yaxın amerikalı məsləhətçi gələcək ki, onların da bir qismi artıq oradadır.
MEE qeyd edir ki, Səudiyyə Ərəbistanının regionda "Patriot" kompleksləri üçün ən böyük raket ehtiyatlarından birinə malik olmasına baxmayaraq, onun silahlı qüvvələri geniş ərazini Yəmən husilərinin hücumlarından qorumaq məcburiyyətində qalır.
Səudiyyə Ərəbistanı husilərlə qarşıdurmada Yəmənin hökumət qüvvələrini dəstəkləyən ərəb koalisiyasına rəhbərlik edir. Buna cavab olaraq üsyançılar krallığın neft obyektlərinə, hava limanlarına və hərbi bazalarına hücum edirlər.
Vəziyyətin gərginləşməsi fonunda Yəmənin hökumət qüvvələri ölkənin beynəlxalq səviyyədə tanınmış hökumətinin yerləşdiyi Ədən bölgəsində müdafiəni gücləndirir. Döyüş əməliyyatları Mərib, Ləhc və Taiz əyalətlərində davam edir.
Qərb rəsmilərindən biri Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinin vəziyyətini "çox pis" kimi xarakterizə edib, lakin yerli əhalinin onları qəbul etməməsi səbəbindən husilərin Ədəni ələ keçirə biləcəyinə şübhə etdiyini bildirib.
Mənbə: report.az