Hökumətin fövqəladə hallar, o cümlədən mümkün hərbi münaqişə halı üçün ehtiyatlar yaratmaq çağırışından sonra Böyük Britaniya sakinləri konservlər, qablaşdırılmış su və digər ilkin tələbat mallarını daha aktiv şəkildə almağa başlayıblar.
"Report" xəbər verir ki, bu barədə "Worldpanel by Numerator" şirkətinin araşdırmasına istinadən "European Supermarket Magazine" (ESM) məlumat yayıb.
Nəşrə görə, tələbatın artması oktyabrın 22-də əhalinin fövqəladə hallara hazırlığını artırmağa yönələn "Be Ready" ("Hazır ol") hökumət məlumat kampaniyasının başlamasından sonra baş verib.
Sonrakı on gün ərzində əl antiseptiklərinin satışı 2025-ci ilin analoji dövrü ilə müqayisədə 83% artıb. Qablaşdırılmış su satışları 67%, konservləşdirilmiş məhsulların satışı isə 37% artıb.
Ət konservlərinə olan tələbat da əhəmiyyətli dərəcədə artıb. Araşdırmanın məlumatlarına görə, bu məhsulun alıcılarının sayı 43% artıb ki, bu da gündəlik təxminən 400 min əlavə alıcıya uyğundur.
Britaniya hakimiyyətinin tövsiyələrinə görə, vətəndaşların evlərində ən azı üç günlük ərzaq və içməli su ehtiyatı olmalıdır.
Bundan əlavə, əhaliyə nağd pul, pasportların surətlərini, vacib telefon nömrələrini, zəruri dərmanları, portativ şarj cihazlarını, radioqəbulediciləri və fənərləri saxlamaq tövsiyə olunur.
Mənbə: report.az