IMG-LOGO

İlk övladlarda bu xəstəliklərin riski daha yüksək ola bilər – ARAŞDIRMA

29 Aug 2026 14:36 3 baxış
IMG
6 0

Ailədə uşağın doğulma sırasının xarakterə və davranışa təsiri ilə bağlı müxtəlif fikirlər mövcuddur. Yeni araşdırma isə bunun bəzi xəstəliklərin yaranma ehtimalı ilə də əlaqəli ola biləcəyini göstərib.

Lent.az xəbər verir ki, Çikaqo və Kolumbiya universitetlərinin alimləri doğum sırası ilə sağlamlıq riskləri arasındakı mümkün əlaqəni araşdırıblar.

Tədqiqatın nəticələri “Nature” jurnalında dərc olunub. Alimlər ABŞ-da kommersiya sığorta şirkətlərinin milyonlarla ailəyə aid məlumatlarını təhlil ediblər. Araşdırmada əsas diqqət bacı-qardaşın 500-dən çox xəstəliyə tutulma riskinə yönəlib.

Araşdırmanın nəticələrinə görə, ailənin ilk övladlarında kiçik bacı və qardaşlarla müqayisədə bəzi sağlamlıq problemlərinə daha çox rast gəlinib.

Belə ki, ilk övladlarda autizm riski 26 faiz, qida allergiyası riski 20 faiz, mövsümi allergik rinit və ya polinoz riski 9 faiz, diqqət çatışmazlığı və hiperaktivlik sindromu riski isə 7 faiz daha yüksək olub.

Tədqiqatçılar ailədə ikinci doğulan uşaqlarda da müəyyən xəstəliklərin daha çox müşahidə olunduğunu müəyyən ediblər. İkinci övladlarda psixoaktiv maddələrin istifadəsi ilə bağlı pozuntuların riski 19 faiz, mədə-bağırsaq sistemi xəstəliklərinin riski isə 14 faiz yüksək olub.

Bununla belə, alimlər vurğulayırlar ki, nəticələr ilk övlad olmağın həmin xəstəliklərdən birinin mütləq yaranacağı anlamına gəlmir. Eyni şəkildə, sonrakı uşaqların da bu xəstəliklərdən qorunduğunu demək olmaz. Araşdırmaya görə, doğum sırası sağlamlığa təsir göstərə biləcək çoxsaylı ailə amillərindən yalnız biri ola bilər.

Çikaqo Universitetinin professoru və tədqiqatın həmmüəllifi Andrey Rjetski bildirib ki, yaş fərqi daha az olan bacı-qardaşlarda bir sıra xəstəliklərə, xüsusilə allergiya və astmaya qarşı müəyyən qoruyucu əlaqə də müşahidə edilib. Əvvəlki elmi araşdırmalarda da genetika, ortaq yaşayış mühiti və ailə daxilindəki digər faktorların bacı-qardaşların sağlamlığına təsiri öyrənilib.

ailə ilk övlad sağlamlıq araşdırma nəticə

Mənbə: lent.az

Xəbər lenti