Kinorejissorlar illərdir gələcəyin necə görünəcəyini filmlərdə təsvir etməyə çalışırlar. Vaxtilə fantastika kimi qəbul edilən bəzi texnologiyaların isə bu gün gündəlik həyatımızın bir hissəsinə çevrildiyi görünür.
Lent.az gələcəkdəki texnoloji və sosial dəyişiklikləri müəyyən mənada əvvəlcədən göstərmiş 10 filmin siyahısını təqdim edir.
“The Matrix” (1999)
Virtual reallıq və süni intellekt filmin əsas mövzuları sırasındadır. Müasir texnologiyaların inkişafı ekran əsərində göstərilən bir sıra ideyaları əvvəlki qədər fantastik göstərmir.
“The Truman Show” (1998)
Filmdə bir insanın həyatının fasiləsiz izlənilməsi və milyonlarla insana nümayiş etdirilməsi təsvir olunur. Bu gün sosial şəbəkələr, canlı yayımlar, videobloqlar və insanların şəxsi həyatlarını internetdə paylaşması filmin ideyasını xatırladır.
“Gattaca” (1997)
İnsanların gələcəyinin genetik xüsusiyyətlərinə əsasən müəyyənləşdirildiyi cəmiyyət göstərilir. Hazırda genomun redaktəsi və DNT analizinin inkişafı filmdə qaldırılan məsələləri yenidən aktuallaşdırıb.
“2001: A Space Odyssey” (1968)
Stenli Kubrik hələ 1960-cı illərdə planşetə bənzəyən cihazları, videozəngləri, səslə idarə olunan kompüterləri və insanla danışa bilən süni intellekti ekrana gətirib.
“Total Recall” (1990)
Film süni xatirələrin yaradılması, insan yaddaşına müdaxilə və şəxsiyyətin dəyişdirilməsi ideyaları üzərində qurulub. Bu səviyyədə texnologiyalar mövcud olmasa da, beyin və neyrointerfeyslərlə bağlı araşdırmalar davam edir.
“Blade Runner” (1982)
Nəhəng şəhərlər, böyük rəqəmsal reklam ekranları, süni insanlar və həyatın geniş şəkildə rəqəmsallaşması filmdə gələcəyin əsas xüsusiyyətləri kimi göstərilib.
“Her” (2013)
Baş qəhrəmanın süni intellektə malik əməliyyat sistemi ilə emosional münasibət qurması təsvir edilir. Süni intellekt əsaslı virtual köməkçilərin sürətli inkişafı fonunda filmin mövzusu son illərdə daha aktual görünür.
“The Net” (1995)
Kiberhücumlar, şəxsiyyət məlumatlarının oğurlanması və cəmiyyətin rəqəmsal sistemlərdən asılılığı filmin əsas mövzularındandır. Bu gün məlumat sızmaları, hesabların ələ keçirilməsi və onlayn fırıldaqçılıq geniş yayılmış problemlərə çevrilib.
“WarGames” (1983)
Film hakerlər, kompüter sistemlərinə müdaxilə və mümkün kibermüharibə təhlükəsini hələ fərdi kompüterlərin yeni yayıldığı dövrdə gündəmə gətirib. Hazırda kibertəhlükəsizlik və dövlətlərarası kiberhücumlar qlobal təhlükəsizlik məsələlərindən biri hesab olunur.
film fantastika texnologiya süni intellektMənbə: lent.az