Türkiyədə “Süleymancılar” adı ilə tanınan dini icmanın maliyyə strukturuna qarşı genişmiqyaslı əməliyyat keçirilib.
“Milliyet”in məlumatına görə, icmanın rəhbəri Alihan Kuriş də daxil olmaqla 37 nəfər saxlanılıb. Ankara Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində ümumilikdə 49 nəfər barəsində saxlanılma qərarı verilib. İstanbul, Ankara və Antalya da daxil olmaqla 17 vilayətdə 43 ünvanda və 32 şirkətə aid 80 obyektdə axtarış aparılıb. Doqquz şübhəlinin xaricdə olduğu müəyyənləşib.
MASAK hesabatına əsasən, şübhəlilərlə əlaqəli şəxslər və şirkətlər vasitəsilə 100 milyard lirədən çox qeydiyyatsız və vergidən yayındırılmış pulun müxtəlif üsullarla xaricə çıxarıldığı ehtimal olunur. Pul dövriyyəsində xarici ölkələrlə bağlı maliyyə əməliyyatlarının olub-olmadığı da araşdırılır.
İstintaq materiallarında çirkli pulların yuyulması, saxta hesab-fakturalardan istifadə, mənbəyi açıqlanmayan böyük məbləğdə nağd vəsaitlərin şirkət hesablarına yatırılması və şübhəli valyuta köçürmələri barədə iddialar yer alıb. Bəzi şirkətlərin faktiki fəaliyyət göstərmədiyi halda iri maliyyə əməliyyatları apardığı müəyyən edilib.
Araşdırmaya görə, strukturun qapalı rabitə sistemindən istifadə etdiyi, işçilər barədə məlumatları xüsusi proqramda saxladığı və qərarları “ulak” adlandırılan şəxslər vasitəsilə çatdırdığı iddia olunur. İstintaqda bu üsulların FETÖ-nün təşkilatlanma modelinə bənzədiyi qiymətləndirilib.
Əməliyyat zamanı 32 şirkətin aktivlərinə həbs qoyulub. Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi təşkilatın Almaniyanın Köln şəhərində 70 milyon dollarlıq yeni mərkəz tikdirdiyini bildirib.
Rəsmilər əməliyyatın dini fəaliyyətə deyil, mümkün cinayət və maliyyə şəbəkəsinə qarşı aparıldığını vurğulayıblar. İddiaların hüquqi qiyməti istintaq və məhkəmə araşdırmalarından sonra müəyyənləşəcək.
Süleymancılar Alihan Kuriş Türkiyə maliyyə cinayətləri çirkli pulların yuyulması MASAK 100 milyard lirə əməliyyat
Mənbə: lent.az