IMG-LOGO

Evinə girən oğrunu bağışladı, onu prezident seçmək istədilər - "Həyatın oyunçuları"

13 Aug 2026 20:15 3 baxış
IMG
1 0

Futbol dünyasında elə ulduzlar var ki, onların meydandakı həyatı qədər kənardakı hekayələri də diqqət çəkir. Böyük şöhrətin, milyonluq müqavilələrin və azarkeş sevgisinin arxasında isə hər zaman görünməyən başqa bir həyat dayanır.

Lent.az-ın “Həyatın oyunçuları” rubrikasının budəfəki qəhrəmanı dünya futbolunda özünəməxsus iz qoyan misirli ulduz Məhəmməd Salahdır.

Futbol üçün hər gün saatlarla yol gedən uşaq

Məhəmməd Salah 15 iyun 1992-ci ildə Misirin Nəqriq bölgəsində dünyaya gəlib. Futbola sevgisi uşaqlıqdan başlayıb. Ancaq peşəkar futbolçu olmaq arzusu onun üçün heç də rahat başa gəlməyib. Yeniyetmə yaşlarında məşqlərə çatmaq üçün doğma kəndindən Qahirəyə uzun yol getməli olub. Məktəb, yol və məşqlər arasında keçən həmin illər gələcək ulduzun həyatının ən çətin dövrlərindən birinə çevirilib. Hətta onun məşqə getmək üçün sərf etdiyi zaman məşqdəki saatlarından daha çox olub. Təhsilini davam etdirməklə peşəkar futbolun tələblərini eyni vaxtda yerinə yetirmək getdikcə çətinləşib. Salahın ilk böyük məqsədi Avropa deyildi. O, sadəcə futbolçu olmaq istəyirdi. Lakin Misirdə başlayan yol sonradan İsveçrə, İngiltərə və İtaliyadan keçərək onu dünya futbolunun ən böyük səhnələrinə çıxarıb.

Uşaqlıq sevgisinə sədaqəti

Salah şəxsi həyatını mediadan mümkün qədər uzaq tutan futbolçulardandır. Onun həyat yoldaşı Məggi Salah da Nəqriqdəndir. Cütlük bir-birini uşaqlıq illərindən tanıyıb və 2013-cü ildə ailə qurub.

Onların Məkkə və Kayan adlı iki qızı var. Böyük qızına Məkkə adının verilməsi də Salah ailəsinin dini və mənəvi dəyərlərə bağlılığının nümunələrindən biri kimi göstərilir.

Kəndini unutmayıb

Salahın həyatının ən maraqlı tərəflərindən biri doğulduğu Nəqriqlə əlaqəsini qorumasıdır. Dünya ulduzuna çevrildikdən sonra belə kəndinə dəstəyini davam etdirib. Onun adı Misirdə xeyriyyə layihələri ilə tez-tez hallanıb. Salah doğulduğu bölgədə ehtiyacı olan ailələrə yardım göstərib, səhiyyə və sosial layihələrə maliyyə dəstəyi verib. Bu səbəbdən Nəqriqdə Salah sadəcə məşhur futbolçu kimi qəbul edilmir. O, doğulduğu yerdən çıxıb böyük uğur qazanan, lakin həmin insanları unutmayan biri kimi xüsusi hörmət qazanıb.

Hərbi xidmətlə bağlı yaranan xaotik durum

2014-cü ildə “Çelsi”də oynayarkən Misirdə təhsil qeydiyyatı ilə bağlı qərara görə Salah məcburi hərbi xidmətə çağırıla bilərdi. Bu halda ölkəyə qayıtmalı və karyerasına ciddi fasilə verməli idi. O zamanlar məsələ hətta Misirdə böyük rezonans doğurub. Sonda ali təhsil nazirinin müdaxiləsi ilə əvvəlki qərar ləğv olunub və Salah İngiltərədə karyerasını davam etdirə bilib.

Oğrunun həyatını dəyişən qəhrəman

Bir neçə il öncə Salahın evi qarət olunub. Məlumatlara görə, oğurluqda şübhəli bilinən şəxs saxlanıldıqdan sonra Salahın ailəsi əvvəlcə onun cəzalandırılmasını istəyib. Futbolçu isə həmin şəxsi bağışlayıb və həyatını dəyişməsi üçün ona kömək etməyə çalışıb.

“Misir kralı”

Azarkeşlərin ona verdiyi “Misir kralı” ləqəbi artıq futbolçunun ayrılmaz hissəsinə çevrilib.

Dünyanın ən məşhur misirlilərindən biri

Salahın Misirdəki populyarlığının miqyasını göstərən ən maraqlı hadisələrdən biri 2018-ci ildə yaşanıb. Prezident seçkisində seçki bülletenlərinə Salahın adı yazılmasa da, bəzi seçicilər namizədlərin üstündən xətt çəkərək onun adını qeyd ediblər.

Bu, təbii ki, real prezidentliyə namizədlik deyildi. Amma hadisə Salahın ölkəsində sadəcə futbolçu olmadığını göstərirdi. Onun siması reklam lövhələrindən küçələrə, kafelərdən uşaqların futbol formalarına qədər Misirin hər yerində görünməyə başlayıb.

Qeyd edək ki, futbolçu "Əl-Mokavlun" (2010–2012), "Bazel" (2012–2014), "Çelsi" (2014–2016), "Fiorentina" (2015, icarə), "Roma" (2015–2016, icarə; 2016–2017) və "Liverpul" (2017–2026) klublarında çıxış edib. O, ötən həftə Türkiyə Super Liqasının "Trabzonspor" (2026–) klubuna keçib.

Məhəmməd Salah Həyatın oyunçuları rubrikası idman xəbərləri

Mənbə: lent.az

Xəbər lenti