IMG-LOGO

Yüksək intellektli insanların dinlədiyi MUSİQİLƏR

13 Aug 2026 19:33 3 baxış
IMG
0 0

Uzun müddətdir klassik musiqi dinləyən insanların daha yüksək intellektə malik olması barədə fikirlər mövcuddur. Lakin yeni araşdırma musiqi janrı ilə zəka arasında birbaşa əlaqənin olmadığını göstərib.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, Almaniya və İsveçrədən olan psixoloqlar 185 yetkin şəxsin musiqi seçimlərini onların qabiliyyət testlərinin nəticələri ilə müqayisə ediblər.

Nəticələr göstərib ki, insanın rok, pop, caz və ya klassik musiqi dinləməsi onun intellekt səviyyəsini müəyyənləşdirmir. Yəni klassik musiqini sevən şəxsin mütləq daha ağıllı olması barədə geniş yayılmış fikir elmi təsdiqini tapmayıb.

Tədqiqatçılar bunun əvəzinə insanların mahnıda hansı məzmun və emosiyalara üstünlük verdiyinə diqqət yetiriblər. Koqnitiv testlərdə daha yüksək nəticə göstərən iştirakçıların kədərli, melanxolik və emosional baxımdan mürəkkəb məzmunlu mahnılara daha çox maraq göstərdiyi müəyyənləşib.

Alimlərin fikrincə, belə musiqilər insanı yalnız dinləməyə deyil, düşünməyə, şəxsi təcrübələrini xatırlamağa və mürəkkəb emosiyalar üzərində fikirləşməyə sövq edə bilər. Lakin bu, kədərli mahnı dinləməyin insanı daha ağıllı etməsi demək deyil. 

Əvvəlki psixoloji araşdırmalarda musiqi seçimlərinin insanın intellektindən daha çox şəxsiyyəti və emosional ehtiyacları ilə əlaqəli ola biləcəyi göstərilib. Məsələn, klassik musiqiyə üstünlük verənlərin yeni təcrübələrə və düşünməyə daha açıq ola biləcəyi, rok və metal sevənlərin güclü emosiyalara və özünüifadəyə daha çox əhəmiyyət verdiyi qeyd olunur. Pop kimi daha nikbin musiqilərə üstünlük verənlər üçün rahatlıq və sosiallıq, hip-hop və elektron rəqs musiqisi dinləyənlər üçün isə enerji, hərəkət və ünsiyyət daha ön planda ola bilər.

Bununla belə, alimlər musiqi zövqünə əsaslanaraq insanlar haqqında qəti nəticə çıxarmağın doğru olmadığını vurğulayırlar. Çünki musiqi seçimlərinə yaş, ailə, dostlar, mədəniyyət, şəxsi təcrübə və insanın həmin andakı əhvalı kimi çoxsaylı amillər təsir göstərir.

Başqa sözlə, pleylist insanın xarakteri və emosional dünyası barədə müəyyən ipucları verə bilər, amma onun IQ səviyyəsini müəyyən edən meyar kimi göstərilə bilməz.

yüksək intellekt musiqi araşdırma

Mənbə: lent.az

Xəbər lenti