IMG-LOGO

Elçin Əlizadə: "Birjadankənar əqdləri tam rəqəmsal edəcək yeni OTC platforması hazırlanır" - MÜSAHİBƏ

07 Aug 2026 14:22 5 baxış
IMG

Azərbaycanda kapital bazarının rəqəmsal transformasiyası son illərdə sürətlənməklə yanaşı, infrastrukturun modernləşdirilməsini və xidmətlərin tam elektronlaşdırılmasını təmin edən yeni mərhələyə qədəm qoyub. İnvestorlar üçün məsafədən identifikasiya, operativ hesablaşmalar və proseslərin şəffaflığı bazara marağı artıran əsas amillərdəndir. Bazarın aparıcı infrastrukturlarından biri olan Milli Depozit Mərkəzinin (MDM) həyata keçirdiyi layihələr, qarşıdakı dövr üçün nəzərdə tutulan Vahid Hesablaşma Modeli, yeni OTC platforması və dövlət qurumları ilə inteqrasiya istiqamətində görülən işlər maliyyə ekosisteminin simasını dəyişməkdədir.

Kapital bazarındakı rəqəmsal yeniliklər, mövcud çağırışlarla bağlı "Report"un suallarını MDM-in İdarə Heyətinin sədri Elçin Əlizadə cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

-Son 3–5 ildə ölkədə kapital bazarının rəqəmsal transformasiyası, xüsusilə investorların məsafədən identifikasiyası, hesabatlılıq sistemlərinin avtomatlaşdırılması istiqamətində hansı mühüm layihələr həyata keçirilib? Hazırda investorlara və emitentlərə göstərdiyiniz xidmətlərin neçə faizi tam rəqəmsal formata keçirilib?

- Son illər MDM kapital bazarının rəqəmsallaşdırılması istiqamətində bir sıra mühüm layihələr həyata keçirib. Bu layihələrə E‑MDM platforması, İnvestor Portalı, Elektron Müraciət Sistemi (EMS), Elektron Ödəniş Sistemi, eləcə də MDM-in Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulması daxildir. Azərbaycan Mərkəzi Bankının "Qiymətli Kağızların Emissiyası Sistemi" layihəsində Milli Depozit Mərkəzinin iştirakı emitentlərə təqdim olunan xidmətlərin elektron formada həyata keçirilməsini təmin edib. Bu layihələr nəticəsində investorlar və emitentlər üçün müraciətlərin qəbulu, sənəd dövriyyəsi, ödənişlər və bir sıra depozitar xidmətlər elektron mühitə keçirilib. Hazırda MDM-in təqdim etdiyi xidmətlərin əhəmiyyətli hissəsi rəqəmsal platformalar vasitəsilə həyata keçirilir. Xidmətlərin tam elektron formata keçirilməsi istiqamətində isə mərhələli işlər davam etdirilir.

MDM üzrə rəqəmsallaşma göstəriciləri əməliyyat istiqamətləri, köməkçi funksionallıqlar üzrə müəyyən edilir. Əməliyyat istiqamətlərində API vasitəsilə investisiya şirkətləri üzərindən depo hesablarının məsafədən açılması təmin edilib, klirinq və hesablaşma əməliyyatları tam rəqəmsallaşdırılıb, səhmdarların ümumi yığıncağında məsafədən elektron səsvermə xidməti (E-VOTE) təşkil edilib, reyestrin aparılması və yenilənməsi prosesləri isə ciddi səviyyədə rəqəmsallaşdırılıb. Əlavə funksionallıqlar üzrə müştəri identifikasiya prosesləri və xidmət haqqı ödənişləri tam, yerləşdirmə üzrə məktubların elektron cavablandırılması və elektron müraciət sistemi isə yüksək səviyyədə rəqəmsallaşdırılıb.

-MDM-in tətbiq etdiyi rəqəmsal həllər investorların və emitentlərin fəaliyyətini necə asanlaşdırıb? Əvvəllər günlərlə vaxt aparan hansı xidmətlər hazırda rəqəmsal platformalar vasitəsilə operativ şəkildə icra olunur?

- Rəqəmsal həllər investorlar və emitentlər üçün xidmətlərin daha əlçatan, operativ və rahat formada göstərilməsinə imkan yaradıb. İnvestor Portalı vasitəsilə investorlar öz depo hesablarında olan qiymətli kağızları izləyə, həmçinin öz depo hesabları arasında qiymətli kağızları elektron qaydada köçürə bilirlər. Bununla yanaşı, investisiya şirkətləri üçün təqdim olunmuş API inteqrasiya imkanları hesabına depo hesablarının məsafədən açılması prosesi tam avtomatlaşdırılıb və müştərilər üçün faktiki olaraq ani formada həyata keçirilən xidmətə çevrilib. Bu isə investisiya xidmətlərinin göstərilmə sürətini əhəmiyyətli dərəcədə artırıb. Eyni zamanda, Elektron Kabinetin funksionallığının genişləndirilməsi çərçivəsində investorların depo hesabından çıxarışları, emitentlərin isə qiymətli kağız sahiblərinin reyestrlərini elektron formada əldə etməsi istiqamətində işlər aparılır.

- Kapital bazarında rəqəmsallaşma fiziki təması nə dərəcədə azaldıb? İnvestorlar öz portfellərini və əməliyyatlarını fərdi kabinetlər vasitəsilə necə izləyə bilirlər?

- MDM-də tətbiq olunan elektron xidmətlər nəticəsində investorların və bazar iştirakçılarının bir çox xidmət üzrə fiziki müraciət etməsinə ehtiyac əhəmiyyətli dərəcədə azalıb. Elektron müraciət, onlayn ödəniş və rəqəmsal sənəd mübadiləsi xidmətlərin daha sürətli, rahat və şəffaf şəkildə göstərilməsinə şərait yaradıb. İnvestor Portalı vasitəsilə investorlar öz qiymətli kağızlar portfeli, hesab məlumatları və həyata keçirilmiş əməliyyatlar barədə məlumatları elektron qaydada əldə edə bilirlər. İnvestor portalının funksionallığının mərhələli şəkildə genişləndirilməsi hesabına istifadəçilərin aktivlərinin hərəkəti, bildirişlər və digər əməliyyatlarla bağlı məlumatlara daha operativ çıxışı təmin olunur.

-"Rəqəmsal hökumət" və rəqəmsal maliyyə ekosistemi çərçivəsində digər dövlət qurumları və bazar iştirakçıları ilə inteqrasiya hansı səviyyədədir? Xüsusilə SİMA rəqəmsal imzasının tətbiqi istiqamətində hansı addımlar atılıb?

- MDM rəqəmsal hökumət ekosisteminin fəal iştirakçısı qismində dövlət qurumları və maliyyə bazarı iştirakçıları ilə inteqrasiyaların genişləndirilməsi istiqamətində ardıcıl işlər həyata keçirir. Bu çərçivədə MDM-in Milli Məlumat Mübadiləsi Platformasına (Digital Bridge), Vahid Giriş Sisteminə ("myGov ID"), SİMA rəqəmsal imza platformasına və "AsanPay" ödəniş platformasına inteqrasiyası təmin edilib.

Bununla yanaşı, MDM-in depozitar sistemi ilə İAMAS informasiya sistemi inteqrasiya olunub. Bu inteqrasiyalar investorlara dair məlumatların müvafiq dövlət informasiya sistemlərindən avtomatik əldə edilməsinə, məlumatların təkrar daxil edilməsinin aradan qaldırılmasına və proseslərin daha operativ icrasına imkan yaradır.

Hazırda MDM-in elektron xidmətlərində SİMA rəqəmsal imzası uğurla tətbiq olunur və vətəndaşlar elektron müraciətlərini bu vasitə ilə rahat, təhlükəsiz şəkildə təqdim edə bilirlər. Eyni zamanda, MDM-in elektron xidmətlərinin "myGov" platforması üzərindən istifadəçilər üçün əlçatan olması üzərində aparılır. Bundan əlavə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin AVİS sistemi ilə inteqrasiya olunaraq e-kabinet (Depo çıxarış, Reyestr və OTC cabinet) layihəsinin icrası nəzərdə tutulur, notariat qaydasında bağlanan əqdlərin qeydiyyatı üzrə sənəd dövriyyəsinin tam elektronlaşdırılması, eləcə də qiymətli kağızlarla birjadankənar əqdlərin rəqəmsal mühitdə həyata keçirilməsini təmin edəcək OTC platformasının yaradılması istiqamətində işlər davam etdirilir.

- 2026–2028-ci illəri əhatə edən rəqəmsal fəaliyyət strategiyası fonunda yaxın və orta müddətli dövrdə hansı yeni rəqəmsal xidmətlərin və innovativ texnologiyaların tətbiqi planlaşdırılır?

- 2026–2028-ci illəri əhatə edən rəqəmsal fəaliyyət strategiyası çərçivəsində yaxın və orta müddətli perspektivdə yeni rəqəmsal xidmətlərin və innovativ texnoloji həllərin tətbiqi nəzərdə tutulur. MDM rəqəmsal transformasiyanı davamlı inkişaf prosesinin əsas istiqamətlərindən biri kimi qiymətləndirir. Bu istiqamətdə beynəlxalq təcrübə mütəmadi olaraq öyrənilir, qabaqcıl texnoloji həllərin ölkəmizdə tətbiqi imkanları araşdırılır.

Klirinq və hesablaşma proseslərinin daha səmərəli təşkili məqsədilə Vahid Hesablaşma Modelinin tətbiqi planlaşdırılır. Bu model hesablaşma proseslərinin mərkəzləşdirilməsinə, əməliyyat risklərinin azaldılmasına, investisiya şirkətləri və investisiya xidmətləri göstərən banklar üçün vahid hesablaşma mexanizminin formalaşdırılmasına, eləcə də xarici investorların kapital bazarına olan etimadının artırılmasına imkan yaradacaq.

Rəqəmsal transformasiya çərçivəsində əsas hədəf investorlar, emitentlər və digər bazar iştirakçıları üçün daha sürətli, təhlükəsiz və istifadəçi yönümlü xidmətlərin yaradılmasıdır. Bu məqsədlə Elektron Kabinet platformasının funksional imkanlarının əhəmiyyətli dərəcədə genişləndirilməsi nəzərdə tutulur. Platforma vasitəsilə investor və emitentlər üçün bir sıra xidmətlərin mərhələli şəkildə rəqəmsallaşdırılması planlaşdırılır. Buraya investor məlumatlarının, əlaqə vasitələrinin elektron qaydada yenilənməsi, emitentlərlə elektron sənəd dövriyyəsinin təşkili, habelə müqavilələrin rəqəmsal formada rəsmiləşdirilməsi və yenilənməsi daxildir.

Bununla yanaşı, Elektron Kabinet platformasının "myGov" platforması ilə inteqrasiyasının həyata keçirilməsi planlaşdırılır. Bu inteqrasiya vasitəsilə vətəndaşların Elektron Kabinetə vahid identifikasiya sistemi ilə daxil olması, eləcə də dövlət informasiya sistemləri ilə məlumat mübadiləsinin daha səmərəli və çevik şəkildə təşkili təmin ediləcək. Tətbiq ediləcək rəqəmsal həllər nəticə etibarilə kapital bazarının infrastrukturunun müasirləşdirilməsinə, xidmətlərin əlçatanlığının artırılmasına və bazar iştirakçıları üçün daha etibarlı, şəffaf və effektiv mühitin formalaşdırılmasına töhfə verəcək.

Hazırda elektron xidmətlərin funksionallığının genişləndirilməsi, dövlət informasiya sistemi və maliyyə bazarı iştirakçıları ilə inteqrasiya imkanlarının artırılması, məlumat mübadiləsi proseslərinin avtomatlaşdırılması səviyyəsinin yüksəldilməsi və yeni rəqəmsal həllərin tətbiqi istiqamətində işlər davam etdirilir. Bununla yanaşı, uzunmüddətli perspektivdə məhkəmə və notariat orqanlarına müvafiq səlahiyyətləri çərçivəsində elektron hökumət ekosistemi vasitəsilə zəruri məlumatlara birbaşa çıxış imkanının yaradılması və müvafiq dəyişikliklərin həyata keçirilməsi üçün texnoloji platformanın hazırlanması nəzərdə tutulur. Həmçinin Elektron Kabinet layihəsi çərçivəsində Hökumət Ödəniş Platformasına inteqrasiya istiqamətində işlər davam etdirilir.

Mənbə: report.az

Xəbər lenti