IMG-LOGO

Avropa Komissiyası rusiyalı hərbçilər və turistlər üçün viza qaydalarını sərtləşdirib

23 Nov 2026 20:43 4 baxış
IMG

Avropa Komissiyası Rusiya vətəndaşlarına viza verilməsi ilə bağlı tövsiyələrini yeniləyib. Yeni tövsiyələrə əsasən, keçmiş və hazırkı rusiyalı hərbçilər daha ciddi yoxlamalardan keçiriləcək, turist vizalarının verilməsinə məhdudiyyətlər tətbiq olunacaq, həmçinin rusiyalı idmançılar və incəsənət nümayəndələri ilə bağlı əlavə tədbirlər görüləcək.

"Report"un Avropa bürosu xəbər verir ki, yeniləmələr Rusiyaya qarşı 22-ci sanksiyalar paketi ilə eyni vaxtda təqdim edilib.

Yeni tövsiyələr Rusiya Silahlı Qüvvələrində və ya onlarla əlaqəli birləşmələrdə xidmət etmiş və 24 fevral 2022-ci ildən bəri Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak etmiş müraciətçilərin hərtərəfli yoxlanılmasını nəzərdə tutur. Qadağa digər millətlərdən olan hərbçilərə də şamil edilir.

Avropa İttifaqı (Aİ) ölkələrinə biometrik olmayan Rusiya pasportlarını tanımamaq, Şengen zonasının xarici sərhədlərində Rusiya vətəndaşlarının fərdi yoxlamalarını, o cümlədən müsahibələri və barmaq izlərinin yoxlanılmasını həyata keçirmək tövsiyə olunub.

Bundan əlavə, milli simvolika altında çıxış edən rusiyalı idmançılara vizaların verilməsindən imtina edilməsi və Rusiya hakimiyyəti tərəfindən maliyyələşdirilən artistlərə xüsusi diqqət yetirilməsi təklif olunur.

Rusiyalı hərbçilər üçün viza qadağasının qüvvəyə minməsi ilə bağlı qərarı Aİ Şurası qəbul etməlidir. Bununla yanaşı, Avropa Komissiyası hüquq müdafiəçiləri, dissidentlər, müstəqil jurnalistlər və məcburi qaydada Rusiya vətəndaşlığı almış ukraynalılar üçün humanitar istisnalar nəzərdə tutub.

Mənbə: report.az

Xəbər lenti