Bu ilin aprel ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 2,2 % azalaraq 9 milyard 94 milyon manat təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,969 milyard manatı (87,6 %-i) elektron ticarətin payına düşüb.
Ödənişlərin 1 milyard 123 milyon manatı POS-terminallar, 2,5 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların məbləği kart əməliyyatlarının həcminin 69,9 %-ni təşkil edib.
Bu il mayın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 22 milyon 518 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 0,5 %, ilin əvvəli ilə müqayisədə 2,45 %, ötən ilin eyni dövrü ilə müqayisədə 8,9 % çoxdur.
Son 1 ildə ölkədə debet kartlarının sayı 11,35 % artaraq 20,473 milyon, kredit kartlarının sayı isə 10,6 % azalaraq 2,045 milyon olub. Apreldə bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 12,527 milyard manat (illik müqayisədə 5 % az) və 697 milyon manat (29,5 % az) təşkil edib.
Hesabat dövründə ölkədə bankomatların sayı 5,6 %, POS-terminalların sayı isə 23,7 % artaraq müvafiq olaraq 3 586 ədəd (Bakı üzrə 1 930s ədəd) və 160 225 ədəd (Bakı üzrə 101 103 ədəd) təşkil edib.
Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə nəhəngləri Azərbaycan bankları ilə də əməkdaşlıq edir.
Mənbə: report.az