Bu ilin mart-aprel ayları Azərbaycanda, o cümlədən Bakıda və Abşeron yarımadasında yağıntıların miqdarının normadan 4 dəfə artıq olması ilə yadda qalacaq.
Bəs intensiv yağışlar aqrar sektorda məhsuldarlığa necə təsir edəcək?
"Report" bu suala cavab tapmağa çalışıb.
Aqrar sahə üzrə ekspert Köçəri Həsənov deyir ki, güclü yağışlar xüsusilə çiçəkləmə dövründə olan ağaclar üçün ciddi risklər yaradır: "İntensiv yağışların əlbəttə ki, məhsuldarlığa mənfi təsirləri qaçılmazdır. Çünki hazırda meyvə ağacları çiçəkləmə dövründədir və onlarda tozlanma prosesi başlayıb. Amma belə yağışlar o prosesi bir qədər çətinləşdirir, tozlanma tam getmir. Məsələn, yağış damcısı müəyyən təzyiqlə o çiçəyin üstünə vurursa, orada tozlanmadan söhbət gedə bilməz. Narın yağış yağsaydı, problem olmazdı".
Ekspert hazırda ən çox zərər görə biləcək meyvə növlərinə də aydınlıq gətirib: "Ərik, şaftalı, nektarin artıq tam çiçək açıb. Gilas hələ təzə-təzə çiçəkləməyə başlayır, ola bilsin ki, gilasda o qədər böyük problem olmasın. Hansı bölgələrdə ki, kifayət qədər intensiv yağışlar oldu, o bölgələr məhsuldarlıqda əlbəttə ki, bir balaca problem yaşayacaq".
Onun sözlərinə görə, yaz yağışları normalda torpağı "oyadır", lakin sel sularının göllənməsi təhlükəlidir: "Söhbət aqrotexniki qaydaların hansı formada aparılmasından gedir. Əslində həmişə bilirik ki, yaz yağışları torpağa o qədər ciddi problem yaratmır. Əksinə qışdan sonra elə bil ki, torpaq ayıldı, orada həyat canlanmağa başlayır. Bu intensiv yağışlarda sel yoxdursa, o suyun torpağa və məhsuldarlığa elə də ciddi təsiri yoxdur. İndi arpa, buğda və digər bitkilər cücərməyə başlayıb. İntensiv yağış onlara da çox problem yaratmır. Ancaq su sel şəklində göllənərsə və orada bir müddət qalarsa, onda əlbəttə ki, problemdir. Sahələrini sığortalayanlar bu ziyandan yüngül çıxacaqlar".
Ekspert qeyd edib ki, bitkiçilikdə göbələk xəstəliklərinin qarşısını almaq üçün mütləq mütəxəssis nəzarəti altında dərmanlama olmalıdır: "Ümumiyyətlə göbələk xəstəlikləri sırf nəmişliklə əlaqədar deyil. Orada bir çox amillər var. Hətta isti havalarda belə yenə də göbələklər yarana bilər. Azərbaycanda təsərrüfat sahibləri, intensiv yağışdan sonra göbələk xəstəliklərinin qarşısını almaq üçün mütəxəssis nəzarəti altında bitkilərə qoruyucu dərmanlar vururlar. Məsələn bağçılıqda müəyyən dərmanlar çilənir ki, kifləmənin qarşısını alınsın. Düşünürəm ki, intensiv yağışlar gübrələmə mərhələsindən sonraya təsadüf etdiyi üçün ağacların immuniteti o qədər də zəif deyil. Əgər normal aqrotexniki qaydada o dərmanlamalar həyata keçirilibsə o qədər ciddi problem olmayacaq. Yağışlardan sonra həm kif, həm də maya göbələklərinə qarşı müəyyən gübrələmə və dərmanlama işlərinin aparılması mütləqdir. Hazırda Azərbaycanda bu xəstəliklərə qarşı bütün lazımi preparatlar var və aqronomlarımız onlardan aktiv şəkildə istifadə edirlər".
Onun sözlərinə görə, hazırda ağaclar nəm olduğu və yenidən yağış gözlənildiyi üçün dərmanlama aparmaq səmərəli deyil: "Yağış sonrası müəyyən bir vaxt intervalı var. Ağacların tam hələ nəm şəklində onların dərmanlanması o qədər böyük effekt vermir. Ağaclar hələ nəm olduğu və yenidən yağış gözlənildiyi üçün hazırda dərmanlama aparmaq səmərəli deyil. Mütəxəssislər ən yüksək effekti əldə etmək üçün hava proqnozuna uyğun zamanı gözləyirlər. Məsələn, həftə axırında bir üç gün ardıcıl olaraq isti hava göstərir və həmin müddətdə o dərmanlamalar həyata keçirilməlidir".
Bölgələrdəki cari vəziyyətə toxunan ekspert, xüsusilə şimal zonasında yaranan fəsadlara diqqət çəkib: "Bu gün Quba-Qusar bölgəsindəki yoldaşlarla danışarkən öyrəndim ki, ümumi vəziyyət hələlik kritik olmasa da, bəzi ərazilərdə sel ciddi fəsad törədib. Müəyyən miqdarda bağçılıqda da ziyanlar var. Xüsusilə Qubada və Qusarın SDK yolunda güclü sel gəlib və ağaclar suyun altında qalıb. Orada əlbəttə ki, məhsuldan söhbət gedə bilməz, çünki sel ağacların kökünü çürüdəcək".
Digər ekspert Cəfər İbrahimli isə bildirib ki, hazırkı mövsümdə müşahidə olunan yağıntılar kənd təsərrüfatı, xüsusilə də dənli bitkilərin inkişafı üçün mənfi fəsadlar yaratmır: "Hazırda mövsümün elə bir vaxtıdır ki, mən burda yağışların əkinçilik sahələri üçün çox mənfi təsirinin olacağını təxmin eləmirəm. Məsələ burasındadır ki, Azərbaycan ərazisinin böyük hissəsində payız əkini aparılır, əsasən arpa-buğda əkilir. Həmin ərazilərdə bu yağışların indiki vaxtda yağmasının mənfi fəsadı yoxdur. Əksinə, Azərbaycanın bu ərazilərinin böyük hissəsi dəmyə əraziləri olduğu üçün yağışın çox yağmasının indiki vaxtda müsbət təsiri var. Nəzərə alsaq ki, indi artıq həmin bitkilərin bir hissəsinə yemləmə gübrəsi verilir, bunun üzərindən yağış yağması müsbət haldır".
İqtisadçı həmçinin qeyd edib ki, yağıntılar yaz əkinlərində məhsuldarlığa müsbət təsir göstərsə də, erkən çiçəkləyən meyvə ağaclarında mayalanma prosesini çətinləşdirə bilər: "Artıq bəzi bitkilərin yaz əkinlərinə başlanılıb və yaxud başlanmaq üzrədir. Əgər səpilibsə, bunun müsbət təsiri var. Səpilməyibsə də, bu qədər yağışdan sonra torpaqda yaranan nəmlik bir neçə gün sonra səpində bitişin alınmasına müsbət təsir edəcək. Burda sadəcə olaraq mənfi tərəfi bəzi regionlarda ağacların vaxtından tez çiçəkləməsi ola bilər. Havaların bir az isti keçməsi ilə əlaqədar çiçəklənmiş ağaclara bu yağışlar mənfi təsir edir ki, nəticədə mayalanma problemi olur, məhsuldarlıq aşağı düşür. Təbii fəlakət və subasmalarını, çayların daşmasını və s. kənara qoysaq, ümumiyyətlə bitkiçilik üçün hal-hazırki yağıntıların mənfi tərəfinin olduğunu və təsərrüfatlara ziyan vuracağını düşünmürəm".