IMG-LOGO

"Sabah"ın baş məşqçisi Nasir Nəsirli: "Əsas nəticə deyil, təcrübə qazanmaqdır"

07 Apr 2026 14:38 4 baxış
IMG

"Sabah" futbol klubunun U-14 komandası üçün əsas nəticə deyil, təcrübə qazanmaqdır.

Bu barədə "Report"a komandanın baş məşqçisi Nasir Nəsirli açıqlamasında bildirib.

Mütəxəssis Türkiyənin Antalya şəhərində keçirilmiş "Antalya City Friendship Cup" beynəlxalq turnirinin qalibi olmaları ilə bağlı fikirlərini bölüşüb:

"Yarış çox yaxşı və yüksək səviyyədə keçirildi. Maraqlı oyunlar alındı. Bu yaş qrupu üçün əsas nəticə yox, təcrübə qazanmaqdır. Təşkilatçılıq da yüksək səviyyədə idi. Oyunların keçirildiyi stadionlarda şərait çox yaxşı idi. Meydanların keyfiyyəti də yaxşıdır. Komandanın turnirdə çıxışından razı qaldım".

N.Nəsirli bəzi səhvlərinin olduğunu gizlətməyib:

"Amma nəzərə alaq ki, bu uşaqların cəmi 14 yaşı var. Səhvlərin olması da normal haldır. Əsas odur ki, belə oyunlarda səhvləri görürük və bu da çalışaraq onları aradan qaldırmağa imkan verir. Bu il ikinci dəfə beynəlxalq turnirdə iştirak etdik. Bu da uşaqlarda oyun təcrübələrinin artmasında mühüm rol oynayır və onların daha məsuliyyətli, daha intizamlı oynamasına şərait yaradır".

Xatırladaq ki, "Sabah"ın U-14 komandası qrup mərhələsində Türkiyənin "Manavqat" (4:0), "TSI Academy" (7:1) və "Göztepe" (6:1) kollektivlərini məğlub edib.

Komanda yarımfinalda meydan sahibi ölkənin "Kardelenspor" (5:1) kollektivini üstələyərək həlledici matça vəsiqə qazanıb. Final oyununda Azərbaycanı təmsil edən "Young Pro"ya 3:0 hesabı ilə qalib gələn "Sabah" turniri çempion kimi başa vurub.

Xəbər lenti