Prezidentin imzaladığı yeni qanunvericilik aktları dövlət qulluğu sahəsində aparılan islahatların növbəti mərhələsidir.
Bunu "Report" açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənayə və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, bu dəyişikliklərin əsas mahiyyəti əməkhaqqı sistemini daha sadə, aydın və vahid qaydalar əsasında qurmaqdan ibarətdir:
"İndiyə qədər maaşlar müxtəlif əlavələr hesabına formalaşdığı üçün sistem bəzən mürəkkəb və tam şəffaf görünmürdü. Yeni model isə bütün bu komponentləri vahid strukturda birləşdirərək daha anlaşılan mexanizm yaradır".
O qeyd edib ki, nəticədə əməkhaqqı sistemi daha sabit və proqnozlaşdırılan olacaq, müxtəlif vəzifələr üzrə yaranan uyğunsuzluqların aradan qalxmasına şərait yaradacaq. Bu da ümumilikdə daha ədalətli yanaşmanın formalaşmasına xidmət edir.
"Digər tərəfdən, bu addım dövlət qulluğunun əmək bazarında mövqeyini gücləndirməyə yönəlib. Daha aydın və sabit əməkhaqqı sistemi gənc və peşəkar kadrlar üçün bu sahəni daha cəlbedici edir. Eyni zamanda, dövlət qulluqçularının sosial təminatının gücləndirilməsi də bu islahatın vacib hissəsidir.
Ümumilikdə, məqsəd daha müasir, effektiv və şəffaf idarəetmə sistemi qurmaq, dövlət qulluğunu həm vətəndaşlar, həm də bu sahədə çalışanlar üçün daha etibarlı və cəlbedici etməkdir", - o deyib.
Xatırladaq ki, dövlət qulluğunda əməkhaqqı sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən son islahatlar çərçivəsində mükafatlandırma mexanizminin ləğv edilməsi nəzərdə tutulur.
Bununla bağlı dəyişikliklər Milli Məclisin qəbul etdiyi "Dövlət qulluğu haqqında" Qanunda və digər qanunvericilik aktlarında öz əksini tapıb.
Belə ki, yeni yanaşmaya əsasən, dövlət büdcəsi hesabına ödənilən mükafatlar tamamilə ləğv olunur. Bu dəyişiklik həm kollektiv, həm də fərdi mükafatları əhatə edir. Belə ki, indiyədək dövlət qulluqçularının fəaliyyətinə görə verilən əlavə təşviq ödənişləri artıq mövcud olmayacaq və əməkhaqqı sistemi daha vahid və şəffaf struktur üzərində formalaşdırılacaq.

