IMG-LOGO

Özbəkistan dövlət xidmətləri sisteminin təkmilləşdirilməsində Azərbaycanın təcrübəsini öyrənib

05 Nov 2026 15:40 2 baxış
IMG

Özbəkistan dövlət xidmətlərinin göstərilməsi sistemində islahatların aparılması zaman Azərbaycanın və bir sıra Avropa ölkələrinin təcrübəsini öyrənib.

"Report" xəbər verir ki, bunu Özbəkistanın ədliyyə nazirinin müavini Numon Muhammadiyev Bakıda keçirilən "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı" adlı beynəlxalq tədbirdə bildirib.

Onun sözlərinə görə, 2017-ci ildə dövlət xidmətləri sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi Özbəkistan Ədliyyə Nazirliyinə həvalə edilib. Qurum bu sahədə əsaslı islahatlara başlayıb, çünki bürokratiya, mürəkkəb prosedurlar və dövlət orqanları arasında məlumat mübadiləsinin yetərsizliyi vətəndaşlar üçün çətinliklər və korrupsiya riskləri yaradırdı.

"Bu proses zamanı biz Azərbaycanın təcrübəsini öyrəndik, həmçinin Avropa İttifaqının dəstəyi və BMT-nin İnkişaf Proqramı ilə tərəfdaşlıq çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən "Özbəkistanda dövlət xidmətlərinin daha da təkmilləşdirilməsi" layihəsi çərçivəsində bir çox Avropa ölkələrinin təcrübəsini ətraflı nəzərdən keçirdik", - o bildirib.

Muhammadiyev qeyd edib ki, ilk addımlardan biri 1940-cı ildən bəri doğum, nikah və ölüm haqqında 80 milyondan çox qeydi özündə əks etdirən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanlarının arxivlərinin rəqəmsallaşdırılması olub. Bu, vahid identifikatorun - fiziki şəxsin fərdi identifikasiya nömrəsinin tətbiq edilməsinə imkan verib.

Onun sözlərinə görə, bu gün Özbəkistanda doğumun qeydiyyatı tamamilə onlayn qaydada həyata keçirilir, dövlət xidmətlərinin 80 %-dən çoxu elektron formatda əlçatandır, 30-dan çox xidmət isə ərizə vermədən proaktiv qaydada təqdim edilir.

"Biz 150 növ məlumat və sənədin təqdim edilməsi tələbini ləğv etdik: indi dövlət orqanları məlumatları öz aralarında mübadilə edirlər", - o vurğulayıb.

Mənbə: report.az

Xəbər lenti