Üç gündən sonra Zəfər Gününü qeyd edəcəyik. Küçələrdə üçrəngli bayrağımız dalğalanacaq, təbriklər səslənəcək, altı il əvvəl qazanılan tarixi Qələbənin sevinci yenidən yaşanacaq. Ancaq bu sevincin içində övlad həsrəti ilə yaşayan analar da var. Onlardan biri İkinci Qarabağ müharibəsində şəhid olan Elvin Məlikovun anası İlhamə Məlikovadır.
Onun üçün Zəfər Günü həm qürur, həm də heç vaxt dinməyən bir ağrıdır. Oğlunun yarımçıq qalan arzuları, son telefon danışığı, uşaqlıq xatirələri, hətta istifadə etdiyi sabunun qoxusu belə bu gün onun həyatının ayrılmaz hissəsinə çevrilib.
Lent.az İkinci Qarabağ müharibəsi şəhidi Elvin Məlikovun anası İlhamə Məlikova ilə müsahibəni təqdim edir.
Qeyd edək ki, İlhamə Məlikova fotolarda üzünün görünməyini istəmir.
Elvin Gürcüstanda beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alırmış. Lakin atasının vəfatı onun həyatını dəyişib. Təhsilini yarımçıq qoyaraq Azərbaycana qayıdıb və hərbi xidmətə yollanıb.
- Atası 2018-ci ildə dünyasını dəyişdi. Elvin ona görə Azərbaycana gəlmişdi. Sonra geri qayıtmadı. Dedi ki, burada qalacağam. Təhsilini yarımçıq qoyub hərbi xidmətə getdi. “Orada bir az fikrim dağılar”, - deyirdi.
Əvvəl Beyləqanda xidmət edib. İdmançı olduğuna görə onu Cəlilabada göndəriblər. Orada Xüsusi Təyinatlı Qüvvələrdə yeddi ay xidmət keçib. Sonra üç ay Ağcabədidə qalıb, oradan da müharibəyə gedib. Biz onun müharibədə olduğunu bilmirdik.
İlhamə xanım oğlunun son telefon danışığını xatırlayır. İndi həmin söhbətlərdə deyilən hər söz onun yaddaşında başqa məna daşıyır. O vaxt adi təsəlli kimi qəbul etdiyi cümlələr bu gün ona sanki oğlunun son vəsiyyəti kimi gəlir.
- Axır vaxtlar tez-tez danışırdı mənimlə. “Bacılarıma yaxşı bax, fikir eləmə, tək övladın mən deyiləm”, - deyirdi. Soruşurdum ki, ay Elvin, niyə belə danışırsan? “Elə-belə”, - deyib keçirdi.
Danışanda yanından atışma səsləri gəlirdi. Deyirdi, təlimdəyəm. Əslində, müharibədə imiş.
Bir dəfə zəng edib dedi ki, Ağdamdayam, bura cənnət kimidir. “Bir başmaq tapmışam, ayağıma geyinirəm, barmaqlarım elə rahatlayıb ki...” Görüntülü danışmaq istəyirdim. Deyirdi, sadə telefonla zəng edirəm, internet yoxdur.
Sonuncu dəfə sentyabrın 28-də səhər danışdıq. Dedi ki, özünüzdən muğayət olun.
“Ana, bu gülləri sənin üçün əkirəm”
İlhamə xanım oğlunun şəhid olduğu xəbərini aldığı gün gördüyü yuxunu bütün təfərrüatı ilə xatırlayır. Yuxusunda Elvini yenə əsgər geyimində görüb. Amma bu dəfə oğlunun əlində silah yox, ətrafında güllər varmış.
- Gördüm, dizinin birini yerə qoyub torpağı qazır. Hər yanında güllər var. Soruşdum ki, Elvin, burada nə edirsən? Dedi: “Ana, sənin üçün əkirəm bu gülləri. Əlini vur, gör necə qoxurlar. Bunlar hamısı cənnət gülləridir”.
Əyilib qoxladım. Çox fərqli qoxu gəlirdi...
Yuxudan oyanan kimi bir anlıq dilimə “Elvin şəhid oldu” sözü gəldi. Sinəmin üstünə ağırlıq çökdü. Onun mənə zəng etdiyi nömrələri bir-bir yığdım. Heç biri cavab vermədi. Özümə yer tapa bilmirdim.
Rəfiqəm zəng etdi ki, gəl bizə, söhbət edək, fikrin dağılsın.
Getdim onlara, qarşımda nar var idi. Narı böləndə suyu üst-başıma sıçradı. Mənə elə gəldi ki, üzümə qan töküldü. Narı tez əlimdən yerə atıb dedim ki, oğluma nəsə oldu. Elə həmin an qardaşım zəng etdi. Dedi ki, Elvin şəhid olub.
Elvin 16 yaşından işləməyə başlayıb, atasının sənətini öyrənib. Atası dünyasını dəyişəndən sonra ailənin böyük övladı olmağın məsuliyyətini daha dərindən hiss edib. Anası danışır ki, oğlu özünü yalnız evin övladı yox, həm də dayağı hesab edirmiş.
İlhamə xanım həyat yoldaşının ölümünü də ağrı ilə xatırlayır. Onun sözlərinə görə, şəkər xəstəsi olan həyat yoldaşının vəziyyəti evdə tibb bacısının qoşduğu sistemdən sonra ağırlaşıb. Həkimlər bir gün ərzində onu xilas etməyə çalışsalar da, mümkün olmayıb.
- Hərdən fikirləşirəm, yoldaşım Elvinin şəhid olduğunu görsəydi, ürəyi partlayardı. Oğluna çox bağlı idi. Səkkiz yaşından maşın sürməyi öyrətmişdi, amma on səkkiz yaşına qədər sürməyə icazə vermirdi. Qorxurdu ki, qəza keçirər, başına bir iş gələr.
Yoldaşımın vəfatından sonra Elvinin dostları deyirdilər ki, o, aşağıda oturub ağlayır, evə qayıdanda gözünün yaşını silir ki, anam görməsin.
Əsgərliyə gedənə qədər işləyirdi, atasının mağazasını da işlədirdi. Maaşını gətirib mənə verirdi. Deyirdi: “Buradan beş manat yol pulu ver, qalanını götür, bacılarımı oxut. Əsas onların təhsilidir”.
Sevdiyi qız var idi. Deyirdim, görüşə gedirsən, pul götür. “Bu bəsimdir”, - deyirdi.
“Ana, sən dincəl, mən edəcəyəm”
İlhamə xanımın xatirələrində Elvin yalnız döyüşçü deyil. O, anasının qayğısına qalan oğul, bacılarına sahib çıxan qardaş, ev işlərində kömək edən yeniyetmə və gecələr anasının laylası olmadan yatmayan uşaqdır.
- Mən xəstələnəndə bacılarına tapşırırdı ki, səs eləməyin, anam xəstədir.
Evi tozsoranlayanda gəlib əlimdən alırdı: “Ana, sən dincəl, mən edəcəyəm”. Deyirdim, ay Elvin, bu qadın işidir. Deyirdi: “Nə olsun? Mən sənə kömək edirəm”.
Fikirləşirəm, mən niyə icazə verdim onun təhsilini yarımçıq qoymasına? O, həmişə deyirdi ki, mən oxusam da, kiminsə əlinə baxmağı xoşlamıram, öz çörəyimi özüm qazana bilərəm.
Atası öləndən sonra çox ağlayırdım. Bir dəfə dedi ki, səni bir də ağlayan görsəm, əsgərliyə gedəcəyəm, şəhid olacağam, sonra ürəyin istəyən qədər ağlayarsan.
Elə bil ürəyimə ox batdı. Ondan sonra ağlamadım.
Bir vaxtlar anasını ağlamağa qoymayan oğulun yoxluğundan danışırıq. İlhamə xanım xatirələrini bölüşdükcə söhbət gah Elvinin uşaqlığına, gah da son görüşlərinə qayıdır.
“Ana, bir az da qalın, tez getməyin”
- Sonuncu görüşünüz yadınızdadır?
- Cəlilabadda idi. Getmişdik yanına. Dedi: “Ana, bir az da qalın, tez getməyin”. Bərk-bərk qucaqlaşdıq. Elə bil hiss edirdi...
Deyirdi, burada bir əsgərin doğum gününü keçirirlər, yəqin mənimkini də qeyd edərlər. Bizim doğum günlərimizi də heç vaxt unutmurdu. Əsgərlikdən zəng edib təbrik edirdi.
İlhamə xanım həmin görüşə apardığı yeməkləri bir-bir sadalayır: lülə kabab, tikə kabab, şaurma, plov... Oğlunun hansı yeməkləri sevdiyini bu gün də xırdalığına qədər xatırlayır.
- Yemək yeməyi çox sevirdi. Toyuq qızartmasını, şaurmanı xüsusilə. Əsgərliyə getməzdən əvvəl deyirdi ki, ana, səni də özümlə aparacağam.
Apardığım yeməkləri görəndə dedi, mən bunların hamısını necə yeyəcəyəm?
Bir də tapşırmışdı ki, gələndə meyvəli sabun gətir, buradakı sabunları işlədə bilmirəm.
Bu yaxınlarda xalam bizə meyvəli sabun gətirmişdi. Dedim, xala, mən bunu işlədə bilmərəm. Elvin çox sevirdi...
Masanın üzərində şəhidlər haqqında xatirələrin toplandığı kitab var. Elvinin komandiri Anar Quliyevin dilindən yazılmış bir cümlə diqqətimi çəkir: “Biz Elvinlə on gün ac-susuz döyüşmüşük”.
Bir az əvvəl anasının dediyi sözləri xatırlayıram: “Elvin yemək yeməyi çox sevirdi”.
Anasının görüşə gətirdiyi yeməklərə baxıb “Bunların hamısını necə yeyəcəyəm?” deyən oğlanın döyüşdə keçirdiyi o günləri düşünürəm.
İlhamə xanım da elə bu barədə danışır:
- Həmişə ürəyim yanır ki, mən burada yemək yeyəndə, çay içəndə Elvin orada ac qalıb. Özümü bağışlaya bilmirəm. Deyirəm, mən necə yemək yeyirəm, necə gəzirəm, necə danışıram?
- Siz nə edə bilərdiniz ki...
- Bilmirəm. Özümü qınayıram.
Elvin döyüşdə özündən kiçik əsgərlərin də qayğısına qalırmış. Anasına tez-tez döyüş yoldaşı İsmayıldan danışırmış.
- Deyirdi: “Ana, İsmayıl heç avtomat da tuta bilmir, yazığım gəlir ona, üç ayın əsgəridir”. Deyirdim, ay Elvin, sən özün uşaq deyilsən? O, səndən cəmi bir yaş balacadır axı.
Mən onların müharibədə olduğunu bilmirdim. İsmayıl da şəhid oldu...
Anasının sözlərinə görə, Elvin döyüş zamanı əvvəlcə qulağından qəlpə yarası alıb. Hospitala aparılıb. Eşitmə qabiliyyətini itirsə də, döyüş yoldaşlarının yanına qayıtmaq istəyib.
- “Uşaqların yanına qayıtmalıyam”, - deyib xəstəxanadan çıxıb.
Sonrakı yaralanması isə ölümcül olub. İlhamə xanım bildirir ki, qəlpə oğlunun qaraciyərini deşib.
- Elvin Füzuli rayonunun Qaraxanbəyli kəndində şəhid olub. Bakıda, İkinci Fəxri xiyabanda dəfn edilib.
- Sevdiyi qızı tanıyırdınız?
- Tanıyırdım. Çox gözəl qız idi. Elvin şəhid olanda gəlmişdi. Sonra ondan xəbərim olmadı.
Elvinə deyirdim, evlən, özünə ayrıca ev qur. Deyirdi: “Səni tək qoya bilmərəm, ana”.
Söhbət oğlunun qurmağa macal tapmadığı ailəsinə gəlir. İlhamə xanım bəzən Elvinin daha çox yaşamasını, ailə qurmasını, övlad sahibi olmasını arzuladığını deyir. Sonra həmin arzunun da başqa bir həsrətə çevrilə biləcəyini düşünür.
- Mən ondan doymadım. Hərdən deyirəm, kaş ailəsi, uşağı qalardı. Sonra fikirləşirəm ki, bu da ayrı dərd olardı. Uşağı atasını istəyəndə mən necə dözərdim?
“Ayaq barmaqlarından tanıdım ki, bu, mənim balamdır”
İlhamə xanım oğlunun tabutunun gətirildiyi günü xatırlayır. Həmin an yaşadığı narahatlığı illər keçsə də unutmayıb.
- Tabutunun yanında qaldım. Narahat idim. Gizlicə tabutu açıb baxdım. Üzünü örtmüşdülər. Ayaq barmaqlarından tanıdım ki, bu, mənim balamdır...
Oğlunu tanımaq üçün üzünü görməsinə ehtiyac qalmayıb. Bir vaxtlar qucağında böyütdüyü, ilk addımlarını izlədiyi balasını ayaq barmaqlarından tanıyıb.
İlhamə xanım Elvini yuxularında tez-tez gördüyünü də söyləyir. Onunla danışdığını, bəzən isə əlini uzadıb toxunmaq istədiyi anda yoxa çıxdığını xatırlayır.
- Yuxuda yanına gedirəm. Məndən bacılarını, əmisini soruşur. Əmisi də rəhmətə gedib.
Bir dəfə yuxuda görürdüm ki, şəhid anaları ilə dayanmışıq. Deyirəm, hamının uşağı gəlib, bizimkilər haradadır? Deyirlər ki, biz şəhid analarıyıq. O an ağlayaraq oyandım... Gördüm ki, Elvin başımın üstündə ağ paltarda dayanıb. Əlimi uzadanda yox oldu.
Söhbət yenidən Elvinin uşaqlığına qayıdır.
- Layla oxumasam, yatmazdı. Bir dəfə məni oyatdı ki, ay ana, sən yatdın, mən hələ oyağam, layla oxu da...
On doqquz yaşında döyüşə gedən Elvin anasının yaddaşında həm də həmin balaca uşaqdır. Gecə onu oyadıb layla istəyən, anasının səsini eşitmədən yuxuya gedə bilməyən körpəsi...
- Mənim yaşama səbəbim qızlarımdır. Onları mənə Elvin tapşırıb. İstəyirəm böyüsünlər, ailələri olsun, yaxşı olduqlarını görüm, sonra Allah canımı alsın, Elvinə qovuşum.
İlhamə xanım masanın üzərindəki şəkli göstərir. Elvin böyük Azərbaycan bayrağı ilə dayanıb. Anası deyir ki, bayraq onun üçün uşaqlıqdan xüsusi məna daşıyıb.
- “28 May”da özünə bayraq almışdı. Şəkli dostu çəkib. Deyirdi, ən gözəl bayraq bizimkidir. Dəftərlərinə ancaq bayraqla maşın çəkirdi. Hara baxırdımsa, bayraq çəkib üstünə Elvin yazırdı.
Uşaqlıqdan vətənsevər idi. On dörd-on beş yaşında Xocalı faciəsinə baxanda çox hirslənirdi. Deyirdi, məni niyə tez dünyaya gətirməmisən, əsgər gedib torpaqları alardım? Deyirdim, ay bala, mən özüm də tez ana olmuşam.
İlhamə xanım oğlunun əşyalarının çoxunu muzeyə verib. İstəyir ki, gələcək nəsillər də Elvini tanısın, onun necə bir insan olduğunu bilsinlər.
- Qoy gələcəkdə nəvələrim görsünlər, bilsinlər ki, necə dayıları olub.
Əhmədlidə Elvinin adını daşıyan küçə var. İlhamə xanım üçün həmin küçənin başqa bir mənası da var. Oğlu balaca olanda onu tez-tez elə oradakı çöpçüyə aparırmış. İndi həmin küçə həm uşaqlıq xatirələrinin, həm də şəhid oğlunun adını yaşadan bir ünvandır.
“Elvin üçün hər gün darıxıram”
Söhbətimizin sonuna yaxın İlhamə xanım bəzən küçədə oğluna oxşayan insanları görəndə ayaq saxladığını deyir. Tanımadığı birinin üzündə Elvindən hansısa cizgi axtarır.
- Elvin üçün hər gün darıxıram. Hərdən istəyirəm, uşaq evindən ona oxşayan bir uşaq götürüm...
Sonra özünü günahlandıran bir fikir söyləyir:
- Bəlkə də Elvini çox əzizlədiyim üçün Allah aldı əlimdən.
Gözləri dolur.
Qarşımdakı ana üçün Elvin hələ də həmin 19 yaşlı oğlandır. Bacılarının təhsilini düşünən, anasının əlindən tozsoranı alan, meyvəli sabunu sevən, gecələr layla istəyən və son görüşdə “Ana, bir az da qalın, tez getməyin” deyən oğul.
Altı il əvvəl qazanılmış Zəfər xalqın yaddaşında qürurla yaşayır. İlhamə Məlikovanın qəlbində isə bu qürurun yanında heç vaxt bitməyən Elvin həsrəti var.
Foto - İlkin Nəbiyev ©️ APA GROUP
Zəfər Günü Şəhid anası Elvin Məlikov müsahibə Müharibə İkinci Qarabağ müharibəsi










Mənbə: lent.az