Akvakultura təsərrüfatları subyektlərinin yerləşdirilməsi zamanı müxtəlif bioloji təhlükəsizlik normalarına əməl edilməlidir.
"Report" xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin rəhbəri, Respublikanın baş baytar müfəttişi Qalib Əbdüləliyev Bakıda təşkil edilən l Azərbaycan Regional Akvakultura Forumunda bildirib.
O bildirib ki, vahid sağlamlıq yanaşması həyata keçirilərsə, həm yetişdirilən balığın sağlamlığının, həm də ətrafdakı ictimai sağlamlığın eyni vaxtda təmin olunması vacibdir: "Ölkəmizdə ən iri çay hövzəsi Kür-Araz çaylarıdır ki, onların uzunluğu 500 kilometrdən artıqdır və respublikamızda 800-dən çox müxtəlif ölçülü çay mövcuddur. Həmçinin həcmi 10 milyon kubmetrdən artıq olan bir neçə göl var, yanılmıramsa onların sayı 10-u keçir. Bütün bunlar təbii ehtiyatlarımızdır. Lakin su ehtiyatlarından faydalanmaqla akvakultura subyektləri formalaşdırılanda müəyyən tələblərə riayət edilməlidir".
Q. Əbdüləliyev qeyd edib ki, akvakultura müəssisələrində saxlanılan canlıların, əsasən balıqların xəstəliklərə görə xüsusi rejim çərçivəsində monitorinqdən keçirilməsi vacibdir: "Son illərdə ölkəmizin akvakultura məhsullarının, ilk növbədə balıq növlərinin Avropa dövlətlərinə ixrac olunması artıq reallaşıb. Hazırda Laçın rayonu ərazisində fəaliyyət göstərən Həkəri balıqçılıq təsərrüfatında yetişdirilən balıqların MDB dövlətlərinə ixracatı istiqamətində işlər həyata keçirilir, müzakirələr davam etdirilir, müxtəlif tərəflər dəqiqləşdirilir və bu icazələrin əldə edilməsi üçün çox həcmli hesabatın hazırlanıb təqdim olunması tələb edilir".
O həmçinin əlavə edib ki, hesabata daxil edilən başlıca tələblərdən biri antimikrob rezistentlik baxımından antimikrob səviyyəsinin, eləcə də zərərli maddələrin (müxtəlif preparatlar, ağır metallar və s.) qalıq həcminin araşdırılmasıdır. Bununla yanaşı, xəstəliklərlə əlaqədar müntəzəm şəkildə aparılmış monitorinqlərin nəticələrini əks etdirən hesabat da təqdim edilməlidir.
Mənbə: report.az