Ermənistanda 7 iyun seçkiləri yaxınlaşdıqca daxili siyasi mühitdə kəskinləşmələr müşahidə edilir, iqtidarla müxalifət arasında qarşıdurma yeni fazaya qədəm qoyur. Müxalifət Baş nazir Nikol Paşinyan hakimiyyətinə son qoymağı qarşısına məqsəd kimi qoyub. Uzun müddət parçalanmış olan müxalifət düşərgəsi yenidən qruplaşmalar və bloklar formalaşdırmağa başlayıb. Bu proses təkcə taktiki seçki ittifaqları ilə məhdudlaşmır, həm də ideoloji və geosiyasi baxımdan fərqli platformaların konsolidasiyası cəhdi kimi çıxış edir.
"Erməni Milli Konqresi" partiyası Samvel Karapetyanın "Güclü Ermənistan" partiyası və digər siyasi qüvvələrlə konsolidasiya prosesinə başlamağa hazır olduğunu bəyan edib. Bu isə xəbər verir ki, müxalifət düşərgəsi hakim partiyaya qarşı ciddi hazırlıq içindədir və ciddi bloklaşma, birləşmə müşahidə olunacaq. Əslində bu meyllər bir neçə amillə izah olunur. Yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə "Vətəndaş müqaviləsi"nin qələbə qazanması, müxalifətin isə parçalanması nəticəsində ciddi nəticə əldə edə bilməməsi siyasi qüvvələr üçün ciddi dərs sayıla bilər. Bu baxımdan indi əsas hədəf vahid və ya ən azı koordinasiyalı siyasi bloklar vasitəsilə elektoratı səfərbər etməkdir.
Digər tərəfdən isə Ermənistanın daxili siyasətində uzun müddətdir Nikol Paşnyanla eks-prezidentlər, yəni Robert Köçəryan və Serj Sarqsyan cinahı arasındakı qütbləşmə müəyyən yorulmalara səbəb olub. Ona görə də, hazırda rusiyalı iş adamı, Kremlin təsir rıçaqı sayılan Samvel Karapetyan kimi bir fiqurla ittifaq boğulanın saman çöpündən yapışmasından başqa bir şey deyil. Bununla belə, eks-prezident Levon Ter-Petrosyanın lideri olduğu "Erməni Milli Konqresi"nin Karapetyanla yaxınlaşması seçiciyə bu ittifaqı radikal revanşistlərdən fərqli, daha rasional və praqmatik bir alternativ kimi təqdim etmək cəhdidir.
Levon Ter-Petrosyanın Karapetyana yaxınlaşmasının digər səbəbi isə Rusiya faktoru və maliyyə dəstəyi ilə bağlıdır. Çünki Karapetyanın sadəcə milyarder iş adamı olmadığı, Kremlin Ermənistandakı iqtisadi maraqlarının əsas idarəçilərindən biri olması hamıya aydındır. Petrosyanın partiyası isə seçki kampaniyası kimi böyük vəsaitin lazım olduğu dövrdə məhz resurs qıtlığı çəkdiyi üçün Karapetyanla ittifaq qura bilər. Çünki iş adamının maliyyə imkanları ona reklam, təşkilatçılıq və seçki maşınını işə salmaq üçün lazım olan likvidliyi təmin edir.
Əgər "Hayastan" blokunun da eks-prezident Robert Köçəryanı namizəd kimi irəli sürdüyü faktını da nəzərə alsaq, Kremlin Ermənistandakı seçkilərə çoxşaxəli yanaşdığını anlamış olarıq. Yəni, Moskva bu dəfə seçkilərdə bir nəfəri yox, bir neçə qüvvəni dəstəkləyəcək. Maraqlıdır ki, hər iki tərəfin platformasında əsas tezis Moskva ilə yaxınlaşma, Rusiya ilə münasibətləri normallaşdırma, Kremlin orbitinə qayıtma üzərində qurulsa da, tamamilə fərqli aspektlərdən yanaşılır. Məsələn, Köçəryan revanşist qanad sayılır və yenə də separatçı Qarabağ rejimi ilə bağlı açıqlamalar verib. Bu isə deməyə əsas verir ki, Köçəryanın əsas seçki kampaniyası Qarabağ, müharibə, revanş üzərində qurulacaq. Çünki onun siyasi imici və keçmişi ölkə daxilində revanşist xəttin əsas simalarından birinə çevirib.
Onun ritorikasında mütəmadi olaraq keçmiş Dağlıq Qarabağ məsələsinin ön plana çıxarılması, həmçinin keçmiş status-kvonun bərpasına eyham vuran açıqlamalar verməsi seçki kampaniyasının ideoloji çərçivəsini müəyyənləşdirir. Ehtimal etmək olar ki, yaxın günlərdə "Hayastan" bloku seçkilərə bu tezislər üzərindən gedəcək: məğlubiyyət sindromundan istifadə, "itirilmiş torpaqların qaytarılması", ölkənin təhlükəsizliyinin təmini (Rusiya və KTMT faktoru), Paşinyan və komandasının həbsi.
Köçəryan bu tezislərlə cəmiyyətin müəyyən kəsimində yaranmış müharibə travmasını siyasi kapitala çevirmək niyyətindədir. Amma bu yanaşma da risklidir. Birincisi, artıq revanşist ritorika erməni cəmiyyəti üçün o qədər də cəlbedici deyil. Aparılan sorğular göstərir ki, revanşizm meylləri hər ötən gün sönmək üzrədir. Erməni cəmiyyəti sülh və iqtisadi əlaqələrin, mehriban qonşuluq prinsipinin üstünlüklərini uzun müddət görməzdən gələ bilməz. Eyni zamanda bu meyl həm də müharibə ehtimalını artırdığı üçün təhlükəli tezis kimi də qəbul edilə bilər.
Geosiyasi müstəvidə isə Koçaryanın aktivləşməsi Rusiyanın regionda təsir rıçaqlarını qorumaq strategiyası ilə üst-üstə düşür. Onun hakimiyyətə qayıdışı ehtimalı, Ermənistanın yenidən daha açıq şəkildə Rusiya orbitinə yaxınlaşması ssenarisini gücləndirə bilər. Bu isə hazırkı hakimiyyətin Qərblə balans yaratmağa yönəlmiş siyasətinə alternativ xətt kimi çıxış edir.
Bununla belə, Kremlin siyasi texnoloqları gözəl anlayırlar ki, Köçəryan kimi köhnə qvardiya cəmiyyətdə o qədər də qəbul edilmir. Buna görə də ehtimal etmək olar ki, 7 iyun seçkilərində Moskvanın əsas dəstəkləyəcəyi Karapetyan komandası olacaq. Samvelin xeyriyyəçi iş adamı imicindən artıq istifadə edilir. Həm də Moskva düşünür ki, Karapetyanın simasında Paşinyana qarşı daha qəbulolunan və modern müxalifət formalaşdırıb. Petrosyanın da bu bloka qoşulması məsələnin ciddiliyindən xəbər verir. Bu cəbhənin Köçəryandan fərqi isə revanşist düşüncədə olmaması, Rusiya ilə yanaşı, Qərblə münasibətlərə dair də tezislər irəli sürməsidir. Ehtimal etmək olar ki, neytrallıq və çoxvektorlu xarici siyasət tezisləri erməni cəmiyyətində dərinləşən qorxulara cavab kimi nəzərdə tutulub.
2020-ci il müharibəsindən sonra Ermənistan cəmiyyətində yaranan təhlükəsizlik qorxuları, regionda balansın dəyişməsi və s. faktorlar artıq seçicidə "yanlış tərəfi seçmək" riskini artırıb. Buna görə də hakim komandanın Qərbyönümlü siyasi kursu müxalifət tərəfindən risk kimi təqdim edilir. Müxalifət düşərgəsinin fikrinə görə, Rusiyadan uzaqlaşmaq Ermənistan üçün faciədir. Hətta bunu Ukrayna, Moldova ssenariləri ilə müqayisə edən siyasətçilər də var. Buna görə də, yeni tezis Moskvanı itirmədən Qərblə əlaqələri qorumaq üzərində qurulub. Yəni, balanslaşdırılmış manevr strategiyası əsas götürülür.
Bununla da seçiciyə "Biz hakimiyyətə gəlsək, təhlükəsizlik üçün Rusiya ilə münasibətləri normallaşdıracağıq, lakin iqtisadi və texnoloji inkişaf üçün Qərblə əməkdaşlıqdan imtina etməyəcəyik" mesajı verilir. Əslində Levon Ter-Petrosyanın hakimiyyətdə olduğu dövrdə də bu siyasət tətbiq olunurdu və buna yenidən qayıdış hədəf kimi götürülüb. Amma nəzərə almaq lazımdır ki, Ermənistan bu balansı qoruya biləcəkmi? "hamı ilə yaxşı olmaq" strategiyası üçün diplomatik korpusun kifayət qədər təcrübəsi və bazası varmı?
Eyni zamanda nəzərə almaq lazımdır ki, bu planın əsas məqsədlərindən biri də siyasi mübarizənin tonunu dəyişmək cəhdidir. Yeni blok özünü hakim komandadan fərqli olaraq "inqilabçı" kimi təqdim etmir. Eyni zamanda Köçəryan və digər radikallardan fərqli olaraq "revanşist" kimi də ortaya qoymur. Bu blokun məqsədi seçiciyə özünü "idarə edə bilən peşəkarlar komandası" kimi tanıtmaqdır. Bu strategiyanın hədəfi xüsusilə vacib bir seçici qrupudur: Paşinyandan narazı olan, lakin eyni zamanda kəskin siyasi sarsıntı və qeyri-sabitlik istəməyən şəhərli elektorat. Onlara verilən mesaj aydındır: "Biz hakimiyyəti devirmək üçün yox, dövləti bərpa etmək üçün gəlirik". Bu isə seçki diskursunu emosional qarşıdurmadan institusional bərpa müstəvisinə keçirməyə yönəlmiş cəhddir.
Digər mühüm element isə intellektual legitimlik məsələsidir. Levon Ter-Petrosyan kimi fiqurların bu prosesə dolayısı və ya açıq dəstəyi, yeni blokun özünü "dövlətçilik ənənəsinin davamçısı" kimi təqdim etməsinə xidmət edir. Bu, eyni zamanda Paşinyanın tez-tez tənqid olunduğu "siyasi təcrübəsizlik" və "kütləvi populizm" arqumentlərini gücləndirmək üçün istifadə olunur.
Beləliklə, bu gün Ermənistan siyasətində baş verən hadisələrdən məlum olur ki, 7 iyun seçkilərində bu ittifaqlar uğurlu olsa, parlament üç yerə bölünə bilər. Hakimiyyət, revanşistlər-Köçəryan və Ermənistan Milli Konqres-Karapetyan ittifaqı. Amma yenə də son söz seçicinin olacaq…
Kamil Məmmədov





