İspaniyanın məşhur turistik adalarında ənənəvi müsəlman geyim növlərindən birinin qadağan olunması gündəmə gəlib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniyanın Balear adalarında burkanın (gözlər daxil bədənin bütün əzalarının bağlı olduğu geyim növü) geyinilməsinə qadağa tətbiq oluna bilər.
Qaydanı pozan şəxsləri təxminən 57 min manat cərimə gözləyə bilər. Müvafiq qanun layihəsi Balear adalarında, Mayorka, Menorka, İbiza və Formentera adalarını əhatə edən muxtar bölgədə müzakirə olunur.
Qanunvericilik təşəbbüsü sağçı Vox partiyası və Balear Adaları Xalq Partiyası tərəfindən irəli sürülüb. Hər iki siyasi qüvvənin nümayəndələri bildirirlər ki, sənəd qadın hüquqlarının müdafiəsinə yönəlib.
Burka geyinməyə məcbur edənlər üçün həbs cəzası təklif olunur
Vox partiyasının deputatları böyük məbləğdə cərimələrlə yanaşı, qadınları niqab və ya burka geyinməyə məcbur edən şəxslər üçün cinayət məsuliyyəti tətbiq edilməsini də təklif ediblər. Belə hallara görə dörd ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutula bilər.
Vox partiyasının deputatı Manuela Kanyadas bildirib ki, sərt islam örtüklərinin normallaşdırılması "XXI əsrdə orta əsrlərə qayıdışın qəbul edilməsi" deməkdir. Onun sözlərinə görə, "örtük qadının vətəndaş kimi mövcudluğunu əlindən almaq məqsədi daşıyan, onun şəxsiyyətini silən bir vasitədir".
Hazırda dünyanın 20-dən çox ölkəsində burka və üzü tam örtən digər geyim növlərinin ictimai yerlərdə geyinilməsinə qadağa tətbiq edilib. Belə qərarı qəbul edən ilk Avropa ölkəsi isə 2011-ci ildə Fransa olub.
İspaniya burka qadağasıMənbə: lent.az