Duz demək olar ki, hər mətbəxdə əvəzolunmaz məhsullardan biridir. Bu sadə mineral yeməklərin dadını daha da yaxşılaşdırır. Dəniz duzu, süfrə duzu və ya müxtəlif ədviyyatlarla zənginləşdirilmiş növlərin hamısı kulinariyanın vacib hissəsidir. Lakin "Southern Living" nəşrinin yazdığına görə, duzun istifadə sahəsi mətbəxlə məhdudlaşmır.
Lent.az bu üsulları təqdim edir:
1. Şamdanların təmizlənməsi: təmizlik üzrə mütəxəssis Forrest Vebber bildirir ki, duza batırılmış nəm dəsmal şüşə şamdanlardakı his izlərini asanlıqla təmizləyir.
2. Əllərdəki qoxuların aradan qaldırılması: ekspert Reyçel Kirk deyir ki, soğan qoxusundan xilas olmaq üçün əlləri iki xörək qaşığı duzla ovub, 30 saniyə saxladıqdan sonra ilıq su ilə yumaq kifayətdir.
3. Həşəratlara qarşı vasitə: "EMPAVA Appliances" şirkətinin eksperti Sofiya Van qarışqaların evə daxil olmasının qarşısını almaq üçün qapı girişlərinə, pəncərə kənarlarına və mətbəx çanağının ətrafına nazik qat duz səpməyi tövsiyə edir.
4. Paslanmayan qabların təmizlənməsi: Mimi Nquyenin sözlərinə görə, duz yanmış ləkələrin təmizlənməsində təsirlidir. Ləkəni isladıb üzərinə duz səpmək və bir qədər gözləmək lazımdır.
5. Alaq otlarına qarşı mübarizə: "Lawn Love" şirkətinin rəhbəri Stiv Korkoran bir stəkan duzu 3,5 litr su ilə qarışdıraraq təbii herbisid hazırlamağı məsləhət görür.
6. Ləkələrin çıxarılması: şərab və ya şampan ləkəsi yaranarsa, əvvəlcə artıq mayeni dəsmalla çəkin, sonra soyuq su və duzdan istifadə edin. Bu, ləkənin parçaya hopmasının qarşısını alır.
7. Bağ mebellərinin təmizlənməsi: duz, su və çaxır daşı qarışığı metal bağ mebellərindəki pas ləkələrinin aradan qaldırılmasına kömək edə bilər.
8. Zibil qabındakı pis qoxuların aradan qaldırılması: duz, qida sodası və limon qabığı qarışığı zibil qablarını təbii şəkildə dezodorasiya edir.
9. Taxta səthlərin təmizlənməsi: duzun az miqdarda su və ya zeytun yağı ilə qarışdırılması taxta kəsmə lövhələri və digər taxta səthlərdəki ləkələrin çıxarılmasına kömək edir.
10. Qab-qacaqdakı dodaq boyası izlərinin təmizlənməsi: duz və su qarışığından hazırlanmış pasta stəkanların üzərindəki dodaq boyası izlərini asanlıqla aradan qaldırır. Bundan əlavə, duz və limon suyu qəhvə fincanlarında yaranan qəhvə izlərini də effektiv şəkildə təmizləyir.
11. Manqal torlarının təmizlənməsi: limon suyu və duzu bərabər miqdarda qarışdıraraq pasta hazırlayın. Qarışığı manqal torlarının üzərinə çəkib 10-15 dəqiqə saxladıqdan sonra fırça ilə təmizləyin.
12. Hamam otağının təmizlənməsi: Forrest Vebber bildirir ki, duz və qabyuyan mayenin qarışığı hamam otağındakı inadkar kir və ləkələri səthi cızmadan təmizləyə bilir. başlıq çıxart
Maraq duz duzun istifadə qaydalarıMənbə: lent.az