Rusiyanın Orenburq Vilayət Məhkəməsi kriminal aləmdə Zaur Orenburqski və ya Zaur Naxçıvanski kimi tanınan Zaur Şipilovun cinayət iyerarxiyasında ən yüksək mövqeyə malik şəxs olduğunu təsdiqləyib. Beləliklə, məhkəmə onun Rusiya Cinayət Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətdiyi qənaətinə gəlib.
Lent.az xəbər verir ki, məhkəmənin hökmü ilə Zaur Şipilov 9 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzanın ilk 2.5 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində keçirməlidir. Bundan əlavə, o, 1 milyon rubl məbləğində cərimə ödəməlidir.
Bununla belə, hökm hələ qanuni qüvvəyə minməyib və nəzəri baxımdan ondan apellyasiya şikayəti verilə bilər. Ehtimal olunur ki, Şipilovun müdafiə tərəfi bu hüquqdan istifadə edəcək.
Zaur Şipilov 1985-ci ildə Orenburqda anadan olub. O, burada məktəb və peşə məktəbini bitirib. İttiham aktında bildirilib ki, o, 2013-cü ildə Türkiyədə 5 "qanuni oğru" tərəfindən “taclandırılıb”. Şipilov ilk dəfə yalnız 2015-ci ildə narkotik vasitələrin saxlanılmasına görə həbs olunub.
2018-ci ildə azadlığa çıxdıqdan sonra evlənib. Hazırda üç övladı var. Rəsmi məlumata görə, ötən ilin iyulunda həbs edilənədək tikintidə çalışıb və üçüncü qrup əlilliyi olub.
Lakin ittiham tərəfinin məlumatına əsasən, o, kriminal iyerarxiyada xüsusi mövqeyə malik olub. İddialara görə, Orenburq vilayətinin müxtəlif ərazilərində "nəzarətçiləri" təyin edib və vəzifədən kənarlaşdırıb, cinayət aləminin nümayəndələri arasında yaranan mübahisələri həll edib, həmçinin qanunsuz fəaliyyətlərdən əldə edilən vəsaitlərdən pay alıb.
Hazırda Zaur Şipilov istintaq təcridxanasında təkadamlıq kamerada saxlanılır. Şipilov isə məhkəmə prosesində "qanuni oğru" anlayışının nə olduğunu bilmədiyini bildirib və özünü bu statusun daşıyıcısı kimi tanımaqdan imtina edib.
Qeyd edək ki, mərhum "qanuni oğru" Rövşən Lənkəranskinin yaxın adamlarından olan Zaur Naxçıvanski Rusiyanın 1 nömrəli “qanuni oğru”su Zaxar Kalaşovun (Şakro Molodoy) istəyi ilə Rusiyadakı azərbaycanlı kriminal dairələrin lideri seçilib.
Hadisələr kriminal xəbərlər kriminal avtoritetlər qanuni oğru azərbaycanlı məhkəmə işləri cinayət işləriMənbə: lent.az