IMG-LOGO

İsrail ordusu "Hizbullah"ın maliyyə strukturu obyektlərinə zərbələr endirib

10 Mar 2026 10:47 9 baxış
IMG

İsrail Müdafiə Qüvvələri (IDF) "Hizbullah" təşkilatı ilə əlaqəli "Əl-Qərd əl-Həsən" maliyyə strukturunun obyektlərinə zərbələr endirib.

"Report" ordunun mətbuat xidmətinə istinadən xəbər verir ki, İsrail hərbçiləri təşkilatın obyektlərinə növbəti silsilə hücumları başa çatdırıb.

İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, ötən həftə ərzində "Əl-Qərd əl-Həsən"in təxminən 30 obyekti zərbələrə məruz qalıb.

"Hərbi kəşfiyyatın rəhbərliyi altında HHQ-nin qırıcı təyyarələri ötən gün "Hizbullah"ın fəaliyyətinin maliyyələşdirilməsi üçün istifadə olunan "Əl-Qərd əl-Həsən" təşkilatının aktivlərinə və pul vəsaitlərinin saxlanc yerlərinə növbəti zərbə dalğasını başa çatdırıb", - bəyanatda deyilir.

Qeyd olunub ki, bu vəsaitlər silah alışına, istehsal vasitələrinə, həmçinin döyüşçülərə radikal fəaliyyətdə iştiraka görə əməkhaqqı ödənişlərinə yönləndirilirdi.

İsrail ordusunda vurğulayıblar ki, Livan sakinləri uzun illərdir, iqtisadi və humanitar böhran şəraitində yaşayır, "Hizbullah" isə bu vəziyyətdən istifadə edir. Hərbçilərin məlumatına görə, təşkilat əhalinin vəziyyətini daha da ağırlaşdırır və böhrandan vətəndaşların asılılığını artırmaq, öz hərbi nüfuzunu genişləndirmək üçün istifadə edir.

"Hizbullah"ın iqtisadi fəaliyyəti, eləcə də "Əl-Qərd əl-Həsən" assosiasiyasının filiallarının fəaliyyəti İsrail vətəndaşları üçün təhlükə yaradır", - bəyanatda qeyd olunur.

Xəbər lenti