IMG-LOGO

BMT Baş katibi gender bərabərliyinin təmin edilməsi üçün səkkiz addım irəli sürüb

08 Mar 2026 11:41 4 baxış
IMG

Dünyanın Beynəlxalq Qadınlar Gününü qeyd etdiyi bir vaxtda gender bərabərsizliyinin dövrümüzün ən böyük insan hüquqları çağırışı, bərabərliyin təmin edilməsinin isə dayanıqlı inkişafın və sülhün ən güclü təkanverici qüvvələrindən biri olduğunu qəbul etməyin vaxtıdır.

"Report" xəbər verir ki, bu fikirlər BMT Baş katibi Antonio Quterreşin Beynəlxalq Qadınlar Günü münasibətilə yazdığı məqalədə öz əksini tapıb.

A. Quterreş qadın hüquqlarının gücləndirilməsi və konkret nəticələrin əldə olunması üçün müəyyən etdiyi 8 addımı təqdim edib.

Gender bərabərliyinin səlahiyyət məsələsi olduğunu vurğulayan baş katib bildirib ki, səlahiyyət bölgüsündəki bərabərsizliyi aradan qaldırmaq vacibdir. A. Quterreş pariteti prioritetə çevirməyin önəminə toxunaraq BMT-də gender paritetini prioritetə çevirməyi hədəflədiklərini qeyd edib. Baş katibin vurğuladığı üçüncü addım isə ən yüksək gəlirli investisiyaya üstünlük verməkdir. O, qadınlara yönəldilən investisiyaların misilsiz səmərə verdiyini bildirib, bu cür addımların gender fərqlərinin aradan qaldırılması üçün təməl yaratdığını qeyd edib. O həmçinin sülh masasında qadınlara yer ayırmağın razılaşmaların davamlılığını təmin etdiyinə diqqət çəkib.

Dünya miqyasında qadınların kişilərin malik olduğu hüquqi imtiyazların yalnız 64 faizinə sahib olduğunu bildirən BMT Baş katibinin sözlərinə görə, hər bir dövlət ayrı-seçkilik yaradan qanunları ləğv etməli və hüquqların praktiki təmin olunmasını dəstəkləmək barədə öhdəlik götürməlidir. O, gender əsaslı zorakılığa qarşı dözümsüzlük nümayiş etdirmək və heç bir bəhanəyə rəvac verməməyi altıncı addım kimi bölüşüb.

"Biz hər yerdə sıfır dözümlülük, tam hesabatlılıq və zərərçəkmişlərə sarsılmaz dəstək nümayiş etdirməklə bununla mübarizə aparmalıyıq", - A. Quterreş bildirib.

Texnologiya sahəsində çalışan hər dörd nəfərdən yalnız birinin qadın olduğunu deyən baş katib texnologiya şirkətləri və hökumətlərin təhlükəsiz və inklüziv rəqəmsal məkanların qurulması üçün birgə fəaliyyət göstərməli olduğunu vurğulayıb.

Son addımın gender amilini iqlim planlarına daxil etmək olduğunu bildirən baş katib iqlim dəyişikliyinin gender baxımından neytral olmadığı fikrini irəli sürüb.

"Dünyanın müxtəlif yerlərində mən bu 8 həll yolunun tətbiq edildiyinin şahidi olmuşam: müharibə zonalarında və bərpa səylərində, parlamentlərdə və tədris otaqlarında, təşkilatlarda və icmalarda. Əgər liderlər gender bərabərliyi məsələsinə ciddi yanaşsalar və bu addımların atılmasına dair indi öhdəlik götürsələr, biz dünyanı həm qadınlar və qızlar üçün, həm də hamımız üçün daha yaxşıya doğru dəyişəcəyik", - A. Quterreş məqaləni bu sözlərlə yekunlaşdırıb.

Xəbər lenti