Son bir ildə 6,5 mindən çox qadına özünüməşğulluq proqramı çərçivəsində aktivlər verilməklə onlar üçün kiçik ailə təsərrüfatları yaradılıb.
"Report" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 2025-ci ildə daha 69,5 min qadın münasib işlə təmin edilib.
Qeyd olunub ki, ötən il agentlik tərəfindən daha 18,4 min şəxs peşə hazırlığı kurslarına cəlb olunub ki, onlardan 11,8 min nəfərini qadınlar təşkil edib.
"Son illərdə ölkəmizin əmək qanunvericiliyində qadın əməyi ilə bağlı aparılan təkmilləşdirmələr qadınların məşğulluq imkanlarının artırılmasına yönəlib. Dünya Bankı Qrupunun və Beynəlxalq Valyuta Fondunun 2025-ci il Yaz İclasında Azərbaycanda bu sahədə həyata keçirilən islahatlar nümunə kimi göstərilib. Həmçinin Dünya Bankının Qadın, Biznes və Hüquq üzrə 2024-cü il nəşrindəki hesabat-reytinqdə Azərbaycan öz indeksini 78,8-dən 85-ə çatdırıb və 35 pillə irəliləyərək, 190 ölkə arasında 104-cü pillədən 69-cu pilləyə yüksəlib, - məlumatda vurğulanıb.